Yuxarı

Astanada Beynəlxalq Türk Xəbər Kanalının yaradılması ilə bağlı müzakirələr başlayıb

Tədbirdə ölkəmizi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun başçılığı ilə nümayəndə heyəti təmsil edir

Bakı. 18 avqust. REPORT.AZ/ Qazaxıstanın paytaxtı Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) informasiya və media məsələləri üzrə nazirlərinin birinci görüşü işə başlayıb.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun başçılığı ilə nümayəndə heyəti təmsil edir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənovun sədrliyi ilə keçirilən tədbirdə Türkiyə Baş nazirinin müavini Yalçın Akdoğan, Qazaxıstanın investisiya və inkişaf naziri Asset İssekeşev, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Altınbək Maksudov iştirak edirlər.

Görüşdə Beynəlxalq Türk Xəbər Kanalının yaradılmasına dair əlaqələndirmə qrupunun hesabatının müzakirəsi və təsdiq olunması, Türk Şurasının kanalın yaradılması ilə bağlı konsepsiya sənədinin, nazirlər tərəfindən imzalanacaq informasiya və media üzrə birgə Əməkdaşlıq Protokolunun, TDƏŞ-in milli televiziya kanalları arasında Əməkdaşlıq Protokolunun və Türk Şurasının Xəbər Agentlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq olunması nəzərdə tutulur. Həmçinin TDƏŞ-ə üzv ölkələr arasında informasiya və media sahəsində əməkdaşlığın digər aspektləri, Türk Şurasının informasiya və media məsələləri üzrə nazirlərinin ikinci görüşünün yerinin müəyyənləşdirilməsi və s. məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, türkdilli ölkələri birləşdirən beynəlxalq təşkilat - TDƏŞ 2009-cu ildə Naxçıvan şəhərində yaradılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi