Dünyamız çox çətin dövrdən keçir və bu, təəssüf ki, günümüzün reallığıdır. Hesab edirəm ki, bütün bunlar milliyyətçilik və qəbiləçilik prinsiplərinin artmasından irəli gəlir.
“Report” xəbər verir ki, bunu "Stirling" Fondunun prezidenti və İdarə heyətinin üzvü Maylz Hansen Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan "Müasir inkişaf tendensiyalarının və iqtisadi müxtəlifliyin təmin edilməsində mədəni və yaradıcı sənayelərin əhəmiyyəti" mövzusunda panel iclasda çıxışı zamanı deyib.
O bildirib ki, milliyyətçilik vətənpərvərlik deyil, əksinə, başqa ölkələrə qarşı eqoistlikdir.
"Qəbiləçilik probleminə isə Avropada, Yaxın Şərqdə və ABŞ-də rast gəlinir. Bu yanaşma siyasi böhrana səbəb olur. Milliyyətçilər sistemi dəyişməyə çalışırlar və qütbləşmə bizi bir-birimizdən ayırmağa çalışır. Biz sülh üçün çalışırıq və düşünürəm ki, siz sülh istəmirsinizsə, onda bu forumda yeriniz yoxdur. Hər birimiz qlobal trendi dəyişməklə birləşdirici gücə çevrilə bilərik. Mədəniyyət və kreativ sənayelər insanlar arasında əlaqəni gücləndirir və bizə xatırladır ki, oxşar cəhətlərimiz daha çoxdur, nəinki fərqimiz. Çalışaq ki birləşdirənlər olaq. Cənab Prezident İlham Əliyevin də dediyi kimi, bu, daha yaxşı birgə gələcək qura bilmək üçün vacibdir", - M.Hansen bildirib.