“Münasibətlərdəki uzunmüddətli fasilədən və mənfi trendlərdən sonra Rusiya və ABŞ liderləri arasında görüş və yüksək səviyyədə danışıqlar faktının özü qarşıdurmadan daha yaxşıdır”.
Bu fikirləri “Report”un Rusiya bürosuna Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin böyük elmi işçisi, tarix elmləri namizədi Stanislav Pritçin Cenevrədə Rusiya və ABŞ prezidentlərinin Zirvə görüşünü şərh edərkən bildirib.
O xatırladıb ki, rəsmi Vaşinqton və Moskva arasında münasibətlərdə kəskinləşmiş gərginlik təhlükəsizlik məsələlərini nizamlayan həmin normativ-hüquqi bazanın, xüsusilə də “Yaxın və orta mənzilli raketlər haqqında” müqavilənin və “Açıq səma haqqında” müqavilənin pozulmasına səbəb olub: “Bütün bu müqavilələr illər ərzində regionda təhlükəsizliyi təmin edirdi, hazırda isə onlar faktiki olaraq mövcud deyil. Lakin Rusiya və ABŞ istənilən halda bu sahələrdə vacib oyunçular olaraq qalırlar, bu səbəbdən hər bir halda, hətta mürəkkəb söhbətlər və danışıqlar belə son illərdə müşahidə etdiyimiz qarşıdurmadan daha yaxşıdır".
Ekspert Baydenin Rusiya ilə bağlı bəyanatına da toxunub: "Çətin bir görüş bunu təmin edə bilsin. Bir tərəfdən Rusiya-ABŞ münasibətləri uzun müddət ərzində məhv edilib, digər tərəfdən bu münasibətləri məhv edən ziddiyyətlər olduğu kimi qalmaqdadır. Söhbət geosiyasi, ideoloji və hüquqi ziddiyyətlərdən gedir. Tərəflər bir sıra kompleks məsələlərə fərqli cür yanaşırlar”.
Bununla belə, S.Pritçin qeyd edib ki, səfirlərin geri qaytarılması haqqında məlumat müsbət siqnaldır: “Tərəflərin müşahidə olunan gərginlik səviyyəsini aşağı salmasının özü də yaxşı siqnaldır. Onlar ən azı adət etdiyimiz diplomatik münasibətlərə qayıdırlar”.
Rəsmi Vaşinqtonun Moskvaya qarşı sanksiyalarına gəlincə, ekspert vurğulayıb ki, ABŞ tərəfindən sanksiya təzyiqinin azalmasını gözləməyə dəyməz: “Rusiyanın yüksək vəzifəli məmurları da ölkənin buna hazır olduğunu və hər hansı yumşalma gözləmədiklərini bildiriblər”.