Slovakiya səfiri: “Vişeqrad dördlüyü Azərbaycanla əməkdaşlıq üçün yaxşı təmələ malikdir”

Xarici siyasət
  • 22 iyun, 2023
  • 11:09
Slovakiya səfiri: “Vişeqrad dördlüyü Azərbaycanla əməkdaşlıq üçün yaxşı təmələ malikdir”

Vişeqrad qrupuna daxil olan ölkələr (Çexiya, Macarıstan, Polşa və Slovakiya) Azərbaycanla tərəfdaşlıq üçün ümumi yaxşı təmələ malikdir.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Slovakiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Layçak deyib.

Onun sözlərinə görə, bu əməkdaşlıq Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropa İttifaqının (Aİ) hazırladığı vahid plan əsasında həyata keçirilir: “Bu strategiya bir çox böhranların aradan qaldırılması üçün yaradılıb: enerji, ərzaq, pul siyasəti və s. Aİ enerji mənbələrini şaxələndirmək qərarına gəlib. Azərbaycan bu işdə son dərəcə vacib tərəfdaşdır. Bundan başqa, o, Aİ ilə əməkdaşlığa maraq göstərir”.

Səfir qeyd edib ki, Azərbaycandan enerji təchizatı sahəsində problem ondan ibarətdir ki, Avropaya daha çox təbii qaz çatdırmaq üçün ötürücülük gücləri hələ ki, kifayət etmir: “Hazırda güclərin genişləndirilməsinə sərmayə qoymaq üçün maraqlı tərəfləri necə bir araya gətirmək barədə müzakirələr gedir. Bu baxımdan biz Azərbaycanla strateji tərəfdaşıq”.

M.Layçak vurğulayıb ki, Vişeqrad dördlüyü ölkələri və Cənubi Qafqaz regionu çoxsaylı qlobal böhranlarla qarşılaşır: “Bu gün Bakıda “Vişeqrad qrupunun ölkələri və Azərbaycan” mövzusunda keçirilən seminar hər kəsi narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün yaxşı imkandır”.

44 filmi