Seymin deputatı: "Latviya Ermənistanın işğalına son qoyan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

Seymin deputatı: "Latviya Ermənistanın işğalına son qoyan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" "Ötən il Latviya ilə Azərbaycan arasında əlaqələr uğurlu inkişafını davam etdirib. Münasibətlərin dinamikası siyasi əməkdaşlığı, parlamentlərarası dialoqu, ticarət-iqtisadi və humanitar əlaqələri əhatə edib".
Xarici siyasət
17 Yanvar , 2022 12:39
Seymin deputatı: Latviya Ermənistanın işğalına son qoyan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

"Ötən il Latviya ilə Azərbaycan arasında əlaqələr uğurlu inkişafını davam etdirib. Münasibətlərin dinamikası siyasi əməkdaşlığı, parlamentlərarası dialoqu, ticarət-iqtisadi və humanitar əlaqələri əhatə edib".

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Latviya Seyminin (parlament) deputatı Roman Naudinş bildirib.

O deyib ki, Azərbaycan Latviyanın regionda mühüm tərəfdaşıdır və bu tərəfdaşlığın səviyyəsi strateji xarakter daşıyır:

"İkitərəfli siyasi dialoq müntəzəm xarakter daşıyıb, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq ediblər. Müxtəlif qlobal təşəbbüslərin irəli sürülməsi və ölkələrə yardımın göstərilməsi baxımından Azərbaycanın COVID-19 pandemiyasına qarşı mübarizədə fəal və mühüm rolunu alqışlayırıq. Keçən il Azərbaycan 44 günlük Vətən Müharibəsində tarixi qələbənin birinci ildönümünü qeyd etdi və mən bu münasibətlə Azərbaycan xalqını bir daha təbrik etmək istəyirəm. Azərbaycan Ermənistanın 30 illik hərbi işğalına son qoyub, ərazi bütövlüyünü bərpa edib. Latviya Azərbaycanın ərazi bütövlüyünü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını və suverenliyini həmişə dəstəkləyib və dəstəkləyir. Bu, bizim prinsipial mövqeyimizdir".

Roman Naudinş vurğulayıb ki, iki ölkə arasında ötən il ticarət-iqtisadi əlaqələr də inkişaf etdi, biznes marağı artdı:

"İki ölkə arasında ticarət dövriyyəsi ötən ildə də yüksəliş tendensiyasını qoruyub. Ancaq vurğulamaq istəyirəm ki, nəqliyyat, logistika, turizm, investisiyalar, bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı kimi müxtəlif sahələrdə əlaqələrimizin möhkəmləndirilməsi üçün geniş potensial var".

Deputat hesab edir ki, iqtisadi, elmi-texniki və humanitar əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının bu il Riqada keçirilməsi Azərbaycan və Latviya arasında əməkdaşlığın perspektivli sahələrinin inkişafına yeni təkan verəcək:

"Parlamentlərarası dialoq da kifayət qədər məhsuldar olmuşdur. Ötən ilin iyun ayında Latviya Seyminin Azərbaycan Dostluq Qrupunun nümayəndə heyəti Azərbaycanda səmərəli səfərdə olub. Parlamentlərarası əlaqələr il ərzində müxtəlif platformalarda uğurla davam etdirilib. Bu il Milli Məclis sədrinin Latviyaya səfəri nəzərdə tutulub. Humanitar əlaqələrə gəlincə, 2021-ci il mədəni mübadilələr baxımından məhsuldar il kimi yadda qalacaq. Nümunə olaraq, ötən ilin dekabr ayında Azərbaycan səfirliyinin böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Latviya Milli Kitabxanasında keçirdiyi tədbiri qeyd etmək istərdim. Yaxın gələcəkdə biz birgə mədəniyyət, təhsil, elmi-tədqiqat, gənclər və idman layihələrinin həyata keçirilməsində əməkdaşlığı dərinləşdirmək istərdik. Bir sözlə, deyə bilərəm ki, ötən il COVID-19 pandemiyasına baxmayaraq, Azərbaycan və Latviya fəal şəkildə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirib və 2022-ci ildə ikitərəfli münasibətlərin daha da inkişafı üçün lazımi zəmin yaradıb", - o diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi