“Bakıda martın 9-dan 11-dək keçirilən X Qlobal Forum Azərbaycanın sivilizasiyalararası dialoqun mərkəzinə çevrilmək niyyətinin uğur qazanmasını göstərir”.
Bunu “Report”a açıqlamasında Serbiya Prezidentinin keçmiş müşaviri, ADA Universiteti nəzdində İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damian Krneviç deyib.
Onun sözlərinə görə, forumda görkəmli beynəlxalq liderlər və ekspertlər iştirak edir, dünyanın üzləşdiyi ən mühüm geosiyasi və geoiqtisadi problemləri müzakirə edirlər.
Ekspert özünün də X Qlobal Bakı Forumunda iştirak etdiyini bildirib: “Foruma uğurlu mövzu seçilib: “Dünya bu gün: Çağırışlar və ümidlər”. Bir çox iştirakçılar bildiriblər ki, çox sayda ölkənin, məsələn Ukrayna müharibəsi konteksində tutduğu mövqe ilə sülhlə bağlı istəkləri üst-tüstə düşmür”.
O vurğulayıb ki, diplomatiyanın vəzifəsi olan sülhməramlılıq demək olar ki, hər zaman kompromis məsələsidir: “Nadir hallarda bir tərəfin tam qələbəsi, digərinin isə tam məğlubiyyəti olur”.
D.Krneviç Qlobal Forum çərçivəsində aktual və mühüm məsələlərlə bağlı fikir və rəy mübadiləsi imkanının vacibliyini vurğulayıb.