Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Report" xəbər verir ki, təbrik mətnində deyilir:
"Möhtərəm cənab Prezident.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə Serbiya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır və ölkənizə tərəqqi, vətəndaşlarınıza yüksək rifah diləyirəm.
Əminəm ki, qarşıdakı dövrdə ölkələrimiz arasında dialoqu ən ali və ən yüksək səviyyədə intensivləşdirəcəyik, bu da strateji münasibətlərimizi daha güclü, daha dinamik və daha yaxşı vəziyyətə gətirəcək.
Cənab Prezident, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərini möhkəmləndirmək üçün birlikdə çalışacağımıza çox inanıram. Bu baxımdan, Azərbaycan Respublikasındakı yeni səfirimiz Draqan Vladisavljeviçin ümumi münasibətlərimizin dərinləşməsinə öz töhfəsini verəcəyinə əminəm.
Həmçinin ikitərəfli münasibətlərimizin iqtisadi aspektinə xüsusi diqqət yetirdiyimizi vurğulamaq istərdim. Bu səbəbdən Serbiyanın xarici işlər naziri Nikola Selakoviçin Azərbaycan Respublikasına qarşıdakı səfəri zamanı keçiriləcək Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti, altıncı iclasını səbirsizliklə gözləyirik.
Fürsətdən istifadə edərək bu ilin oktyabrında Belqradda Qoşulmama Hərəkatının ilk konfransının 60-cı ildönümünü qeyd etmək təşəbbüsümüzə müsbət yanaşdığınıza görə təşəkkür edirəm. Görüşümüzü səbirsizliklə gözləyirəm, əminəm ki, bu, qarşılıqlı maraq doğuran bütün məsələləri müzakirə etmək üçün əla bir fürsət olacaq.
Qondarma Kosovonun birtərəfli elan edilmiş müstəqilliyi ilə bağlı mövqelərimizi anlayışla qarşıladığı üçün Azərbaycan Respublikasına minnətdarlığımı bildirirəm. Eyni zamanda, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyini dəstəklədiyimizi bir daha vurğulamaq istərdim.
Cənab Prezident, Sizə bir daha dərin ehtiramımı ifadə edirəm".