Səməd Seyidov: ABŞ ilə əlaqələrə yenidən baxmaq lazımdır

Səməd Seyidov: ABŞ ilə əlaqələrə yenidən baxmaq lazımdır Azərbaycanın ABŞ ilə münasibətlərə yenidən baxması məsələsi gündəmə gətirilib.
Xarici siyasət
8 Oktyabr , 2024 11:55
Səməd Seyidov: ABŞ ilə əlaqələrə yenidən baxmaq lazımdır
Səməd Seyidov

Azərbaycanın ABŞ ilə münasibətlərə yenidən baxması məsələsi gündəmə gətirilib.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin oktyabrın 8-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu, Amerikanın Azərbaycana qarşı ilk belə cəhdi deyil, amma bu dəfəki hərəkəti tamamilə başqa hadisədir və bunu ciddi təhlil etmək lazımdır:

“Ona görə də Xarici İşlər Nazirliyinə müraciət etmişik. Prezident İlham Əliyev ona görə ən yüksək səviyyədə siyasət aparır ki, dünyada onun siyasətinə inam var. Onun sözü imza qədər güclüdür. Amerika isə bu inamı itirir”.

Komitə sədrinin sözlərinə görə, müstəqil dövlət kimi münasibətləri ciddi təhlil edərək hərbi əlaqələrə yenidən baxmaq lazımdır.

“Regionda provakasiyaları törədən USAID-in yardımlarına yenidən baxmalıyıq. Dərs etməliyik ki, onlar dostluğun içərisində başqa niyyətləri regiona gətirmək istəyirlər. Hesab edirəm ki, məktubumuz Azərbaycan XİN tərəfindən təhlil olunacaq və müvafiq qərarlar qəbul olunacaq”.

S.Seyidov vurğulayıb ki, ABŞ noyabr ayında Azərbaycanda COP29 beynəlxalq tədbirinin keçirilməsinə müsbət rəyini versə də, Dövlət Departamenti vasitəsilə həmin tədbiri alt-üst etmək cəhdi göstərir.

O qeyd edib ki, bu addım ABŞ-nin səmimiyyətinə şübhə yaradır və regionda ona olan inamı itirir:

“Halbuki beynəlxalq münasibətlər sistemində ən mühüm məsələ inam və etibardır”.

Son xəbərlər

Orphus sistemi