Bakı. 21 avqust. REPORT.AZ/ "Ukrayna və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri, müxtəlif sahələrdə əməkdaşlığın möhkəm təməlini yaradan ikitərəfli münasibətlərin geniş müqavilə-hüquqi bazası mövcuddur və iki dövlət arasında hər hansı bir problem yoxdur". "Report" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyinin Ukraynanın Müstəqillik Gününün 24-cü ildönümünə həsr olunan bəyanatında deyilir.
Bəyanatda qeyd olunub ki, bu gün iki ölkə arasında ikitərəfli əməkdaşlığın müxtəlif sahələrində müvafiq hökumətlərarası komissiyalar və işçi qrupları yaradılıb və fəaliyyət göstərir: "Sözsüz ki, Ukrayna və Azərbaycan arasında münasibətlərin inkişafı prosesində əsas və əlaqələndirici rol yüksək səviyyəli orqan olan Prezidentlər Şurasına ayrılıb. Onun iclasları müntəzəm əsaslarda keçirilir və gündəliyinə Ukrayna-Azərbaycan əməkdaşlığının ən aktual məsələləri çıxarılır".
"Azərbaycanın dinamik inkişafı və onun beynəlxalq arenada artan nüfuzu gələcəkdə Ukrayna-Azərbaycan əməkdaşlığının inkişafı və möhkəmləndirilməsi üçün əsasən də siyasi sahədə, eləcə də ticari-iqtisadi, energetika, tikinti, nəqliyyat, aerokosmik və hərbi-texniki sahələrdə əlavə imkanlar yaradır", - bəyanatda deyilir.
Qeyd edək ki, ötən ilin yekunlarına görə, Azərbaycan və Ukrayna arasında xarici ticarətin həcmi 674,2 mln. ABŞ dolları təşkil edib.