Səfir: Ukrayna və Azərbaycan xalqları ədalətli sülhün dəyərini bilirlər
- 08 may, 2025
- 13:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Faşizm üzərində Qələbə Ukrayna və Azərbaycan üçün əhəmiyyətli tarixdir, xalqlarımız ədalətli sülhün dəyərini həqiqətən bilirlər.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev nasizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş müəllif materialında yazıb.
O vurğulayıb ki, Ukrayna nasizmlə mübarizə aparan hər kəsə hörmət və minnətdarlığını bildirir və bəşəriyyət tarixinin ən qanlı və amansız müharibəsində həlak olan əsgərlərin və qurbanların xatirəsini yad edir.
"Bu tarix həm Ukrayna, həm də Azərbaycan üçün xüsusilə əhəmiyyətlidir. Xalqlarımız ədalətli sülhün dəyərini həqiqətən bilirlər", - səfir yazıb.
O vurğulayıb ki, müharibə dövründə Ukrayna 8 milyondan çox insan itirib, bunların 5 milyonu mülki, 3 milyonu isə hərbçilər olub.
Bununla yanaşı, Y.Qusev qeyd edib ki, heç bir ölkə nasizm üzərində qələbədə müstəsna rol iddia edə bilməz: “Bu qələbə onlarla dövlətin və yüzlərlə xalqın titanik səylərinin nəticəsidir”.
Diplomat bildirib ki, müharibələr həmişə fəlakətlərə və böyük itkilərə səbəb olur: "Biz beynəlxalq ictimaiyyəti tarixi həqiqətlərə əsaslanaraq İkinci Dünya müharibəsinin qurbanlarının xatirəsini yad etməyə çağırırıq".