Azərbaycanın Pakistandakı səfirliyi ölkəmizin turizm imkanları ilə bağlı təqdimat keçirib

Azərbaycanın Pakistandakı səfirliyi ölkəmizin turizm imkanları ilə bağlı təqdimat keçirib Səfir Əli Əlizadə:"Qardaş Pakistan xalqı ilə dostluq və qardaşlıq münasibətlərimiz var
Xarici siyasət
29 Sentyabr , 2017 20:49
Azərbaycanın Pakistandakı səfirliyi ölkəmizin turizm imkanları ilə bağlı təqdimat keçirib
Azərbaycanın Pakistandakı səfirliyi

Bakı. 29 sentyabr. REPORT.AZ/ Dünya Turizm Günü münasibətilə İslamabadda “Dünya Turizm Konfransı-2017” tədbirində Azərbaycanın Pakistandakı səfirliyi ölkəmizin turizm imkanları ilə bağlı təqdimat keçirib.

Səfirlikdən "Report"a verilən xəbərə görə, konfransda Azərbaycan, Portuqaliya, Yunanıstan, Malayziya, İndoneziya, Şri-Lanka, Nepal, Maldiv, Mərkəzi Asiya və digər ölkələrin səfirlikləri, həmçinin Pakistanın tanınmış turizm şirkətləri iştirak edib.

Konfransda bu ölkələrin turizm potensialı, turizmlə bağlı həyata keçirilən tədbirlər və əlverişli qanunvericilik bazası haqqında iştirakçılara məlumat verilib.

Səfirlər çıxışlarında, əsasən, öz ölkələrinin tarixi abidələri, istirahət və əyləncə məkanları, təbii gözəllikləri ilə bağlı məlumat veriblər.

Ölkəmizin Pakistandakı səfiri Əli Əlizadə Azərbaycanın turizm imkanları haqqında ətraflı məlumat verib, bu qədim diyarın ən cəlbedici ölkələrdən olduğunu vurğulayıb. Azərbaycanın 11 iqlim qurşağından 9-na malik olduğunu söyləyən səfir deyib ki, qardaş Pakistan xalqı ilə dostluq və qardaşlıq münasibətlərimiz var.

Azərbaycanın son illər turizm sahəsində çox önəmli islahatlar həyata keçirdiyini söyləyən diplomat Azərbaycan Prezidenti İlham Əliyevinin müvafiq Fərmanına əsasən tətbiq olunan “ASAN Viza” sistemi vasitəsilə ölkəyə səyahətin xeyli asanlaşdığını bildirib. İçərişəhər, Şirvanşahlar Sarayı, Qobustan, Atəşgah kompleksi, həmçinin Bakı bulvarı, “Alov Qüllələri”, Heydər Əliyev Mərkəzi, “Kristal Holl” kimi görməli yerlər turistləri valeh edir.

Deyilib ki, Böyük İpək Yolunun üzərində yerləşən Şəki, Gəncə , eləcə də Qəbələ, Quba və digər şəhərlər zəngin tarixi və turizm imkanlarına malikdir.

Səfir Azərbaycanın ən qədim insan məskənlərindan olan Naxçıvan Muxtar Respublikasında 1200 tarixi-mədəni abidənin mövcud olduğunu bildirib. Azərbaycanda Naftalan, Darıdağ, Duzdağı kimi müalicəvi turizm komplekslərinin, xizək turizmi üçün geniş şəraitin olduğunu və xalqımızın zəngin mətbəxinin də turistləri cəlb etdiyini vurğulayıb.

Diplomat aparılan islahatlar nəticəsində Azərbaycana səyahət edən turistlərin sayının ilbəil sürətlə artdığını, təkcə 2016-cı illə müqayisədə 2017-ci ildə Pakistandan Azərbaycana səyahət edən turistlərin sayının 3 dəfədən çox olduğunu vurğulayıb.

Konfransda Azərbaycanın turizm potensialına, tarixi abidələrinə, eləcə də istirahət məkanlarına dair videoçarx nümayiş etdirilib və maraqla qarşılanıb, iştirakçılara Azərbaycanın turizm potensialına dair təbliğat materialları paylanıb.

Son xəbərlər

Orphus sistemi