Səfir: “Mərakeş və Azərbaycan ərazi bütövlüyü və suverenlik məsələsində bir-birini dəstəkləyir”

Səfir: “Mərakeş və Azərbaycan ərazi bütövlüyü və suverenlik məsələsində bir-birini dəstəkləyir” Mərakeşli iş adamları Azərbaycan bazarına çıxmaqda maraqlıdır
Xarici siyasət
5 Noyabr , 2015 12:11
Səfir: “Mərakeş və Azərbaycan ərazi bütövlüyü və suverenlik məsələsində bir-birini dəstəkləyir”

Bakı. 5 noyabr. REPORT.AZ/ Mərakeş Krallığının Azərbaycandakı səfiri Hassan Haminin "Report"a müsahibəsi:

- Cənab səfir, ikitərəfli münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz? Hansı sahələrdə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini görürsünüz?

- Mərakeş və Azərbaycan arasında ikitərəfli münasibətlər əla səviyyədədir. Heç vaxt aramızda anlaşılmazlıq olmayıb. Əlahəzrət Kral VI Məhəmməd və Zati-aliləri Prezident İlham Əliyev arasında dostluq münasibətləri mövcuddur və iki xalq arasındakı qarşılıqlı hörmətlə bu, daha da möhkəmlənir. Bu, müxtəlif sahələrdə böyük nailiyyətlər əldə etmək üçün yol açır.

- İqtisadi əməkdaşlığın səviyyəsindən məmnunsunuz? Əmtəə dövriyyəsinin səviyyəsi necədir?

- Təəssüf ki, iki ölkə arasındakı ticarət səviyyəsi siyasi və diplomatik münasibətlərin səviyyəsini əks etdirmir. Buna baxmayaraq, hər iki hökumət iqtisadi tərəfdaşlıq və ticarət dövriyyəsinin artırılması üzərində işləyir. Mərakeşli və azərbaycanlı iş adamları üçün iki ölkədə böyük imkanlar var. Həm ikitərəfli səviyyədə, həm də ikitərəfli əməkdaşlıq üzrə birgə Komitə səviyyəsində sazişlərin imzalanması iqtisadi və biznes münasibətlərinin inkişafı üçün hüquqi bazalı biznes mühitinin yaradılmasını təmin edəcək. Mən Mərakeş və Azərbaycan arasında iqtisadi və ticari münasibətlərin gələcəyi ilə bağlı nikbinəm. Energetika, kənd təsərrüfatı, sənaye və turizm iki ölkənin əlaqələrini gücləndirə biləcək sahələrdir. Mən Azərbaycana xeyir gətirə biləcək çoxlu imkanlar görürəm. Bundan başqa, Mərakeşdə liberal investisiya məcəlləsi mövcuddur. Mərakeş ABŞ, Avropa İttifaqı, Türkiyə və bəzi ərəb ölkələri ilə azad ticarət haqqında bir neçə saziş imzalayıb. Kanada və Çili ilə danışıqlar aparılır. Başqa sözlə, bu, azərbaycanlı iş adamlarının Mərakeşə investisiya yatırması üçün yaxşı imkan yaradacaq. Əlavə edim ki, mərakeşli iş adamları Azərbaycan bazarına çıxmaqda maraqlıdır. İyunun sonlarında aramızda görüş keçirilməli idi, amma birinci Avropa Oyunlarına görə onu ertələdik. Biz bu layihə üzərində hələ də işləyirik.

- Ölkələrimiz arasında turizm potensialı barədə nə deyə bilərsiniz? Ötən il neçə azərbaycanlı turist Mərakeşdə olub? Ölkələr arasında birbaşa uçuş həyata keçiriləcək təyyarə reyslərinin açılması planda var?

- 2008-ci ildə turizm və mədəniyyət haqqında iki saziş imzalanıb. Hər iki ölkə mədəniyyət və turizm əlaqələrinin inkişafı yollarını axtarır. 2009-cu və 2011-ci ildə Azərbaycanda Mərakeş günləri təşkil edilib. Mərakeşdə isə 2007-ci və 2012-ci ildə Azərbaycan günləri keçirilib. Mərakeş 2013-cü və 2014-cü ildə Beynəlxalq Turizm Sərgisində iştirak edib. Turizm sənayesi daha çox vaxt tələb edir. Dividendləri illər, hətta onilliklər keçəndən sonra əldə etmək olar. Buna görə də insanlar səbrli olmalıdır. Eyni zamanda, məqsədlərimizə necə çatmalı olduğumuzu müəyyənləşdirib, doğru addımlar atmalıyıq. 2010-cu ilin noyabrında Mərakeş "Baxış-2020" adlı yeni strategiyanın tətbiqinə başlayıb. Bu strategiya xarici turistlərin sayını iki, yerli turistlərin sayını isə üç dəfə artırmağa yönəlib. Proqrama investisiyaların diversifikasiyası və hökumətin apardığı regionlaşdırma siyasətinin genişləndirilməsi üçün 6 tam inteqrasiya olunmuş layihə daxil edilib. Mərakeş yalnız vaxtı gələndə Azərbaycana sərmayə qoymağa yox, həm də Azərbaycanın Mərakeşin turizm sektoruna yatırım etməsində maraqlı olacaq. Bu gün üçün bir neçə yüz azərbaycanlı turist Mərakeşə səfər edib. Bir neçə tur-operator Marakeş və Azərbaycanı xüsusən Novruz bayramı və yay tətilləri günlərində potensial istiqamətə çevirmək üzrə əməkdaşlıq edir. Azərbaycanlı turistlər paket təkliflərə üstünlük verir. Bu səbəbdən onlar bir səfərdə eyni zamanda Fransa, İspaniya, Portuqaliya və Mərakeşə baş çəkə bilər.

Aviareyslərə gəlincə, ən yaxşı variant Bakı-İstanbul-Kasablanka reysidir. "Moroccan Airlines", "Royal Air Maroc" və "Turkish Airlines" kod-şerinq razılaşmasına malikdir. Bu, çarter reyslərinin artırılmasına yardım ola bilər. AZAL bu cür potensial tərəfdaşlıqda yaxşı tərəfdaş ola bilər.

- İŞİD və "əl-Qaidə"nin Məğrib ölkələrində fəallığını nəzərə alsaq, Mərakeş ölkə daxilində təhlükəsizliyi necə təmin edir?

- Mərakeş təhlükəsiz bir dövlət olduğunu sübut edib. Amma dünyada, xüsusən də qonşu ölkələrdə artan terror təhlükəsi Mərakeşi ikiqat sayıq olmağa və təhlükəsizlik tədbirləri həyata keçirməyə məcbur edir. Mərakeşin terrorla mübarizə siyasəti tərəfdaşlar və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənib. Bundan başqa, Mərakeş ayıq-sayıq olmaq üçün təhsil səviyyəsini və gənclər arasında ekstremizmin təhlükəli olması ilə bağlı təbliğat işlərini artırmağa çalışır. Bununla belə, terrorizm və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə regional və beynəlxalq əməkdaşlıq tələb edir.

Mərakeşdə mülayim İslam modeli həyata keçirilir. Bu baxımdan, keçən ilin iyun ayında Mərakeş tolerantlıq və rəhmlilik əsasında dinc İslam dininin təcrübə mübadiləsi məqsədilə "VI Məhəmməd" Afrika Üləma Fondu açdı. Bu günə qədər Mali, Seneqal, Niger, Kot d`İvuar, Qvineya və hətta Fransa kimi ölkələr Mərakeş təcrübəsinin öyrənilməsi məqsədi ilə imamlarını bizim ölkəyə göndərib. Qapılarımız digər müsəlman ölkərlərin o cümlədən Azərbaycanın da üzünə açıqdır.

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Mərakeşin mövqeyi necədir?

- Mərakeş ölkələrin ərazi bütövlüyünü dəstəkləyir. Mərakeş həmişə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olub. Biz bu istiqamətdə bütün səyləri dəstəkləyir və danışıqların nəticə verəcəyinə ümid edirik.

Bildiyiniz kimi, Mərakeş və Azərbaycan ərazi bütövlüyü və suverenlik məsələsində bir-birini dəstəkləyir. Danışıqlar davam etməlidir və ümid edirik ki, digər tərəflər də sülhün davam edən qeyri-sabitlikdən daha yaxşı olduğunu anlayacaqlar. Yox, əgər onlar liderlik oyunları və ya daxili problemlərini ört-basdır etmək üçün müstəqil dövlətlərin parçalanmasına və ya süni fantom icmaların yaranmasını dəstəkləməyə davam edəcəksə, artıq bu bir fəlakət olacaq.

Son xəbərlər

Orphus sistemi