“İran 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı amansız hücumunu pisləyir və Azərbaycanın acısını bölüşür”.
Bunu "Report"a iki il əvvəl gecə saat 01 radələrində Gəncəyə raket zərbələri endirilən əraziyə bu gün baş çəkən İranın səfiri Seyid Abbas Musəvi bildirib.
"Ermənistanın Gəncədə Azərbaycanın mülki əhalisinə qarşı bu cür qəddar hücumu bizi çox sarsıtdı", - o deyib.
Diplomat İranın Azərbaycanın ağrısını başa düşdüyünü və bunun, Azərbaycan xalqı və bütövlükdə bəşəriyyət üçün çox ağrılı məqam olduğunu vurğulayıb.
"Bu gün biz müxtəlif ölkələrin səfirləri ilə bu qəddar hücumun qurbanlarının xatirəsini yad etmək üçün buraya gəlmişik", - səfir əlavə edib.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5-ci dəfə raket hücumuna məruz qalmasından iki il ötür. 2020-ci ilin oktyabrın 17-də gecə saat 01 radələrində düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutub.
Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb.
Nəticədə 15 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.