"Zati-aliləri Prezident İlham Əliyev. İndoneziya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunmağımla bağlı etimadnaməni və sələfimin geri çağırılması ilə bağlı məktubu Sizə təqdim etməkdən şərəf duyuram".
"Report" xəbər verir ki, bunu İndoneziyanın Azərbaycan yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hildi Hamid Prezident İlham Əliyev tərəfindən fevralın 16-da etimadnaməsi qəbul edilərkən deyib.
"İcazə verin, həmçinin Sizə Prezident Coko Vidodonun İndoneziya hökuməti və xalqı adından səmimi salamlarını çatdırım. Prezident Coko Vidodo İndoneziya ilə Azərbaycan arasında, xüsusilə iqtisadiyyat sahəsində daha güclü əməkdaşlığın və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi arzusundadır. Təşəkkür edirəm", - H.Hamid bildirib.
H.Hamid deyib: "Zati-aliləri, İndoneziya ilə əlaqələrə göstərdiyiniz diqqətə görə Sizə təşəkkür edirəm. Zati-aliləri cənab Prezident, İndoneziyanın Azərbaycandakı səfiri təyin olunmağımdan şərəf hissi duyur, vəzifəmin məsuliyyətini tam dərk edirəm. Səfir olduğum müddətdə hər iki ölkənin hökumətləri və xalqları arasında dostluğu və qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirməyə, qarşılıqlı anlaşmanı və dostluğu yaxşılaşdırmağa səy göstərəcəyəm. İndoneziya ilə Azərbaycan arasındakı əlaqələrin yeni səviyyəyə çatdırılması üçün əlimdən gələni əsirgəməyəcəyəm ki, Zati-alinizin və hökumətinizin tam dəstəyi ilə ölkələrimiz arasında əməkdaşlıq davam etdirilsin. Azərbaycan Respublikasına inkişaf, Azərbaycan xalqına isə rifah diləyirəm".