“Ermənistanla sülh sazişi imzalamaq, sərhədlərin demarkasiyası və “yaxşı qonşular kimi” digər proseslərə başlamaq ən vacib olan məsələdir".
"Report" xəbər verir ki, bunu Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov BNR radiosuna müsahibəsində deyib.
“Biz Ermənistanın suverenliyini və ərazi bütövlüyünü tanıyırıq və onların da bizə qarşı eyni münasibət bəsləməsini istəyirik”, - o qeyd edib.
Səfir Qarabağın erməni sakinlərinin çoxmillətli ölkədə məskunlaşmasına Azərbaycan tərəfindən heç bir maneənin olmadığını vurğulayıb. Diplomat onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası planlarından da danışıb: “Əgər Qarabağı könüllü olaraq tərk edən erməni sakinlər geri qayıtmaq istəsələr, qapımız üzlərinə açıqdır”.
Səfir xatırladıb ki, Azərbaycan da vəziyyəti yerində qiymətləndirmək üçün BMT missiyasını Qarabağa dəvət edib: “Onlar oktyabrın 1-də regiona səfər ediblər və öz hesabatlarında mülki infrastruktura heç bir ziyan dəymədiyini qeyd ediblər”.