Səfir: "İspaniya mətbuatında Azərbaycanın mənafeyinə zidd xəbərlərin yer alması xoşagəlməz haldır"

Səfir: "İspaniya mətbuatında Azərbaycanın mənafeyinə zidd xəbərlərin yer alması xoşagəlməz haldır" Anar Məhərrəmov EFE agentliyinin rəhbəri ilə görüşüb
Xarici siyasət
22 Dekabr , 2016 19:02
Səfir: İspaniya mətbuatında Azərbaycanın mənafeyinə zidd xəbərlərin yer alması xoşagəlməz haldır

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycanın İspaniyadakı səfirliyində EFE agentliyinin rəhbərliyi ilə görüş keçirilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, görüş zamanı EFE agentliyinin prezidenti Xose Antonio Vera Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin mütəmadi keçirilən Konqresinin gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək üçün faydalı müzakirə platformasına çevrildiyini qeyd edib.

EFE-nin prezidenti vurğulayıb ki, Azərbaycan çoxmillətli ölkə kimi bütün dini inanclara hörmətlə yanaşır və uzun əsrlərboyu formalaşan zəngin mədəniyyətə malikdir.

Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov son zamanlar İspaniya mətbuatında EFE-yə istinad edilərək Azərbaycanın mənafeyinə zidd xəbərlərin yer almasının xoşagəlməz hal olduğunu vurğulayıb və bundan ciddi narahatlığını ifadə edib. Qeyd olunub ki, EFE-nin Moskva bürosu tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqəti əks etdirməyən məqalələr dərc olunur və bu da Azərbaycan ilə İspaniya arasında mövcud əlaqələrin səviyyəsinə cavab vermir.

Eyni zamanda vurğulanıb ki, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində ispaniyalı tədqiqatçı-alim tərəfindən qanunsuz olaraq aparılmış arxeoloji qazıntılar ölkəmizin tarixini təhrif edir və bu, ciddi narazılıq doğurur. Bu məsələ ilə bağlı faktları əks etdirən materiallar da EFE prezidentinə təqdim olunub.

Belə xoşagəlməz materialların EFE-yə istinadən dərc olunmasını narahatlıqla qəbul etdiyini bildirən Xose Antonio Vera gələcəkdə belə yanlışlıqların baş verməməsi üçün müvafiq tədbirlərin görüləcəyini vəd edib.

Son xəbərlər

Orphus sistemi