Səfir: “Hindistan və Azərbaycanın çoxillik tarixi və mədəni əlaqələri var” - MÜSAHİBƏ

Səfir: “Hindistan və Azərbaycanın çoxillik tarixi və mədəni əlaqələri var” - MÜSAHİBƏ Hindistan şirkətləri Azərbaycana artıq 1,2 milyard ABŞ dollarından çox sərmayə qoyub
Xarici siyasət
246
16 İyul , 2021 13:24
Səfir: “Hindistan və Azərbaycanın çoxillik tarixi və mədəni əlaqələri var” - MÜSAHİBƏ
Bavitlunq Vanlalvavna

Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna ölkəsinin Respublika Günü münasibətilə “Report”a müsahibə verib. Müsahibəni təqdim edirik:

- İyunun 21-də Finlandiyanın paytaxtı Helsinkidən Azərbaycandan keçməklə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi (INSTC) ilə Hindistanın Nava Şeva limanına 32 konteynerdən ibarət ilk qatar göndərildi. Sizcə, INSTC layihəsi Azərbaycanın regional nəqliyyat mərkəzi olmasına necə kömək edə bilər?

- Həqiqətən sevindirici haldır ki, Finlandiyadan Hindistana ilk mal partiyası “Şimal-Cənub” marşrutu ilə göndərildi. Bu, həm də vaxtında atılmış addım oldu. Çünki marşrut boyunca yerləşən bütün ölkələrdə - Rusiya, Azərbaycan və İranda maraqlı tərəflər “Şimal-Cənub” dəhlizinin istismara verilməsi, onun bu ölkələr arasında ticarət dövriyyəsi üçün cəlbedici nəqliyyat marşruta çevrilməsi üçün səylər göstərirlər. Araşdırmalar və test sınaqları göstərdi ki, İran və Azərbaycandan keçməklə malların Hindistandan Rusiyaya və Avropaya daşınması üçün multimodal dəniz, dəmir yolu və avtomobil yolları şəbəkəsi olan,7 200 km uzunluğa malik “Şimal-Cənub” dəhlizi tam istismar olunsa nəqliyyat xərcləri 30%, malların çatdırılma müddəti isə təxminən 40% azalacaq. Bunun Hindistan və Azərbaycan arasındakı ikitərəfli ticarət əlaqələri üçün də müvafiq üstünlükləri də olacaq, çünki “Şimal-Cənub” dəhlizinin iki ölkə arasındakı seqmenti xərcləri və daşınma müddətini proporsional qaydada azaldacaq, bu da malların təyinat bazarlarında rəqabət qabiliyyətini artıracaq və ticarətimizin həcmində kəmiyyət artımına səbəb olacaq.

Azərbaycan nəqliyyat dəhlizinin çox vacib kəsişməsində yerləşdiyindən “Şimal-Cənub” layihəsində mühüm tərəfdaşdır. Beləliklə, Azərbaycan bu layihənin uğurla həyata keçirilməsində həlledici rol oynayır. Azərbaycanın coğrafi üstünlükləri və ölkənin son illərdə nəqliyyat infrastrukturunu modernləşdirmək və inkişaf etdirmək üçün qoyduğu nəhəng sərmayə, şübhəsiz ki, Azərbaycanın vacib regional nəqliyyat mərkəzinə çevrilməsinə töhfəsini verəcək, xüsusən də “Şimal-Cənub” dəhlizi tam işlək vəziyyətdə olanda.

- Azərbaycanla Hindistan arasında nəqliyyat sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri necədir?

- Hindistan və Azərbaycan “Şimal-Cənub” layihəsinin əsas iştirakçılarıdır. Keçmişdə iki ölkə bu layihənin icrasını sürətləndirmək üçün müxtəlif səviyyələrdə birlikdə çalışıblar. Hindistan təmsilçiləri 2019-cu ilin noyabrında Bakıda baş tutan “Şimal-Cənub” dəhlizinin inkişafına dair İşçi Qrupunun 4-cü iclasında iştirak ediblər. Tərəflər Hindistandan Azərbaycana, Rusiyaya və Aİ ölkələrinə həyata keçirilən yük daşımaları barədə məlumatları təhlil ediblər və bu ölkələr arasında malların daşınması üçün “Şimal-Cənub” marşrutundan istifadəni təşviq etməyin yollarını müzakirə ediblər.

Ötən ay Hindistanın Azərbaycandakı səfirliyi Hindistan Ticarət və Sənaye Palataları Federasiyası ilə əməkdaşlıq şəklində Hindistan və Azərbaycanın logistika şirkətləri arasında qarşılıqlı onlayn fəaliyyət təşkil edib və iştirakçılar “Şimal-Cənub” marşrutu boyunca yerləşən ölkələr arasında malların daşınması üçün məhz bu dəhlizdən istifadəni təşviq etməyə dəvət olunub. Bu qarşılıqlı əlaqə həmçinin Hindistanın “Şimal-Cənub” dəhlizinə daxil olmaq üçün namizədliyini irəli sürdüyü İranın Çabahar limanına da imkanlarını nümayiş etdirmək imkanı verib. Layihənin iştirakçılarının yaxın aylar ərzində Bakıda keçirilməsi gözlənilən INSTC-nin Koordinasiya Şurasının iclası zamanı bu mövzuda müsbət qərar verəcəklərinə ümid edirik.

Bavitlunq Vanlalvavna
Bavitlunq Vanlalvavna

İki ölkənin bu sektorda əməkdaşlığını davam etdirə biləcəyi bir çox sahə var. Məsələn, yük konteynerlərinin maneəsiz hərəkəti və real vaxt rejimində izlənməsi üçün tərəflər gömrük strukturları, logistik və maliyyə şirkətləri arasındakı əməkdaşlığı inkişaf etdirə bilər. Bu təşkilatların optimal səmərəliliyi təmin etmək üçün texnologiyadan istifadə etmələri də vacib məsələdir. Beləliklə, iki ölkənin İT şirkətləri də “Şimal-Cənub” dəhlizinin fəaliyyətində mühüm rol oynaya bilər. 4 milyondan çox işçisi olan və təxminən 150 milyard ABŞ dollarlıq ixrac həyata keçirən Hindistanın İT sənayesi bu sektorun inkişafı baxımından da çox şey təklif edə bilər.

- Sizcə, iki ölkə arasında daha hansı iqtisadi və investisiya imkanları mövcuddur?

- Hindistan şirkətləri, o cümlədən “ONGC Videsh Limited” Azərbaycana artıq 1,2 milyard ABŞ dollarından çox sərmayə qoyub. Digər Hindistan şirkətləri də Azərbaycanın energetika və infrastruktur sektorlarına pul qoymaq imkanlarını araşdırır. Hindistanın bu ilin ilk 5 ayında Azərbaycanın neft ixracı üzrə 2-ci ən böyük bazar olduğunu nəzərə alsaq, bu, başadüşüləndir. Hesabat dövründə iki ölkə arasındakı ticarət ötən ilin eyni dövrünə nisbətən 21%-dən çox artıb.

Biz həmçinin kənd təsərrüfatı, qida sənayesi, əczaçılıq, informasiya və kommunikasiya texnologiyaları, elektrotexnika, mühəndislik, tekstil, eləcə də keramik plitələr, çay, ədviyyat istehsalında əməkdaşlıq üçün yaxşı imkanlar görürük. Bu səbəbdən iki ölkənin müəssisələrini təşviq etməyə davam etməli, bir-birinilərinin iqtisadiyyatlarına qarşılıqlı investisiyalar yatırmaq da daxil olmaqla, iki ölkə arasındakı imkanları diqqətlə araşdırmalıyıq.

- Ölkələr ikitərəfli ticarəti artırmaq üçün ticarət evləri aça bilərmi?

- Bilirəm ki, bəzi ölkələr Azərbaycanda ticarət evləri açıb, eyni zamanda Azərbaycan da digər ölkələrdə ticarət evləri açıb. Bu, iki ölkənin işgüzar dairələrinin ticarətimizin inkişafı üçün bu yanaşmanın qəbul edilməsinin böyük faydalarının olub-olmadığını görmək üçün diqqətlə nəzərdən keçirməli olduqları sahədir. Pandemiyadan əvvəl Hindistandan Azərbaycana müntəzəm olaraq biznes imkanlarını, xüsusən ixracı araşdırmaq üçün işgüzar nümayəndə heyətləri gəlirdi. Bakıda hər il 70-dən çox Hindistan şirkətinin iştirak etdiyi iki “Best of India” ticarət yarmarkası keçirilir. Fikrimcə, vacib olanı ölkələrimizin biznes cəmiyyətləri arasında təmasların tezliyini və səviyyəsini artırmağımız, beynəlxalq səyahət imkanları yaranan kimi ikitərəfli ticarəti stimullaşdırmaq üçün nümayəndə heyəti səfərlərini və ticarət yarmarkalarında iştirakı planlaşdırmağımızdır. Eyni zamanda müntəzəm qarşılıqlı fəaliyyətimizi onlayn platformalar vasitəsilə də davam etdirməliyik.

- Koronavirus pandemiyasını nəzərə alsaq, iki ölkə əczaçılıq sahəsində əməkdaşlıq edirmi?

- Düşünürəm ki, dünyanın müxtəlif yerlərində, o cümlədən Azərbaycanda Hindistanın əczaçılıq sənayesinin gücü ilə ümumi tanışlıq var. Pandemiyanın yaratdığı məhdudiyyətlərə baxmayaraq, ötən il Hindistandan Azərbaycana əczaçılıq məhsullarının ixracında 20% artım müşahidə etdik. Azərbaycan şirkətləri Hindistan məhsullarının ölkədə qeydiyyata alınması üçün şirkətlərimizlə əməkdaşlıq edir, həmçinin onları Azərbaycan bazarına investisiya qoymağa təşviq edir. Hindistanın virus əleyhinə peyvənd istehsalçısı ilə Azərbaycandakı tərəfdaşı arasında təmas qurulub və bu sahədə əməkdaşlıq üçün imkanlar var. Vaxtilə Hindistanın tanınmış şirkətlərindən biri Azərbaycanda ilk əczaçılıq zavodlarından birinin yaradılması üçün texnoloji resurslar təmin etmək məqsədi ilə Azərbaycanın aparıcı biznes mərkəzi ilə əməkdaşlıq edib.

- Hindistan və Azərbaycan arasındakı mədəni əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz?

- Hindistan və Azərbaycan arasında çoxillik tarixi və dərin mədəni əlaqələr var. Hindistan musiqisi və rəqsləri Azərbaycan əhalisi arasında çox populyardır. Son vaxtlar iki ölkə arasında tez-tez mədəni təmaslar, o cümlədən incəsənət xadimlərinin və mədəniyyət qruplarının ziyarətləri müşahidə edilir. 2018-ci ildə Hindistan və Azərbaycan əməkdaşlıq və sənətçilərin mübadiləsini təmin edən Mədəni Mübadilə Proqramını imzalayıblar. Azərbaycanda hər il Beynəlxalq Yoqa Günü qeyd olunur. Gələcəkdə fəaliyyətimizi bərpa etdirə və Hindistan mədəniyyətini rəqs, musiqi, incəsənət və ədəbiyyatla Azərbaycan ictimaiyyətinə nümayiş etdirə biləcəyimizə ümid edirik. Həmçinin inanıram ki, diasporumuzla əməkdaşlıq edərək müxtəlif təbliğat proqramları, o cümlədən Hindistan ştatlarının müxtəlif mədəni aspektlərinin və festivallarının təşviqi vasitəsilə Hindistan mədəniyyətini Azərbaycandakı bir çox dostlarımıza çatdıra biləcəyik.

Bavitlunq Vanlalvavna
Bavitlunq Vanlalvavna

- 2022-ci ildə Hindistan müstəqilliyinin 75 illiyini qeyd edəcək. Bu, Azərbaycanda necə qeyd ediləcək?

- Hindistanın müstəqilliyinin 75-ci ildönümünü və ya “[email protected]”i qeyd etmək əslində proqressiv Hindistanın 75-ci ildönümünə və onun şanlı xalqının, mədəniyyətinin və qazandığı uğurlara həsr olunmuş bayramdır. Baş nazirimizin çağırışı əsasında bayram şənlikləri beş “alt başlığa” bölünəcək - “Azadlıq uğrunda mübarizə”, “75 illik yubiley ideyaları”, “75 illik yubiley nailiyyətləri”, “75 illik yubileylə bağlı addımlar” və “75 illiyin qətiyyəti”. Önümüzdəki təxminən iki illik dövrdə bu mövzulara əsaslanaraq bayramı necə qeyd edəcəyimizi planlaşdıracağıq. 1947-ci ildə müstəqillik qazandıqdan bəri Hindistan uzun yol keçib. Buna görə də Hindistanın bir respublika kimi uğurunu və dünyadakı ən böyük demokratiya mövqeyini qeyd etməkdən qürur duyuruq. Biz həmçinin son 75 ildə iqtisadiyyatını dəfələrlə artıran Hindistanın əldə etdiyi irəliləyişi də qeyd edəcəyik. Bu gün Hindistan dümyada ən böyük beşinci böyük iqtisadiyyatdır və dünya iqtisadiyyatının sabitliyinə və böyüməsinə mühüm töhfə verir. Ölkəmiz 2025-ci ilə qədər 5 trilyon dollarlıq iqtisadiyyata çatmaq üçün sürətli böyümə yolunu davam etdirməyə çalışır. Əldə etməyi ümid etdiyimiz hədəf Hindistanın qlobal iqtisadiyyatda payını artırmağı hədəfləyən AatmaNirbhar Bharat adlı çox əhəmiyyətli hərəkata başlamaqdır.

Azərbaycanda Hindistanın müstəqilliyinin 75 illiyini qeyd etməyə 2021-ci ilin mart ayında başladıq və müxtəlif mədəni proqramlar və yoqa üzrə tədbirlər təşkil etdik. Önümüzdəki aylarda yerli hakimiyyət orqanları ilə əməkdaşlıq edərək ağacəkmə kampaniyası həyata keçirməyi və xatirə markası buraxmağı planlaşdırırıq. Hindistanın diaspor birlikləri və Azərbaycanın aparıcı universitetləri ilə əməkdaşlıq çərçivəsində seminarlar, viktorinalar və esse müsabiqələri təşkil edəcəyik. Şərtlər imkan versə, yaxın aylarda Hindistandan mədəniyyət kollektivləri qəbul edəcəyimizə ümid edirik. Qarşıdan gələn bütün bayram proqramları Hindistan səfirliyinin feysbuk səhifəsində (@indiainazerbaijan) mütəmadi olaraq dərc ediləcək. Bütün azərbaycanlı dostlarımızı bayramımıza qatılmağa dəvət edirəm.

Son xəbərlər

Orphus sistemi