Yuxarı

​Səfir: “Hindistan və Azərbaycan əlaqələrinin böyük potensialı var” - MÜSAHİBƏ

Mən özümlə Bakı və bu möhtəşəm ölkəniz haqqında xoş təəssüratlar aparacağam

Bakı. 2 fevral. REPORT.AZ/ “Report” informasiya agentliyinin Hindistanın Azərbaycandakı səfiri Vinod Kumar ilə müsahibəsi.

- Cənab səfir, ikitərəfli münasibətlərin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

- Hindistan və Azərbaycan arasındakı münasibətlər əla səviyyədədir. Tarixə nəzər salsaq, görərik ki, hələ Böyük İpək Yolu dövründən bizim dost münasibətlərimiz var. “Atəşgah” atəşpərəstlər məbədi bunun bariz nümunəsidir. Lakin mən bizim münasibətlərimizin səviyyəsinin daha da yüksək olmasını arzulayıram, çünki Hindistan və Azərbaycan arasındakı əlaqələrin böyük potensialı var. Hazırda münasibətlərimiz düzgün istiqamətdə irəliləyir və  biz ümidvarıq ki, gələcəkdə ikitərəfli əlaqələrimizin aktivlik səviyyəsi daha da artacaq.

- Ölkələrimiz arasında əmtəə dövriyyəsinin səviyyəsi haqqında nə deyə bilərsiniz? Hansı əməkdaşlıq sahələri daha aktivdir və əmtəə dövriyyəsini artırmaq üçün nə etmək lazımdır?

- Qeyd etdiyim kimi, potensial çox böyükdür, lakin onun reallaşması hələ istənilən kimi deyil. Siyasi münasibətlərdən danışsaq, son 2-3 il ərzində çoxsaylı qarşılıqlı səfərlər edilib və bu səfərlər çərçivəsində bir sıra müqavillələr imzalanıb. 2012-ci ildə biz Azərbaycanın 5-ci və ya 6-cı iri ticari tərəfdaşıydıq. Əmtəə dövriyəmiz 2 mlrd. dollara qədər artıb və biz Azərbaycandan böyük həcmdə xam neft idxal edirik. Bildiyiniz kimi Hindistan ən böyük dərman istehsalçılarındandır və biz onları Avropaya, Amerika Birləşmiş Şrarlarına ixrac edirik. Biz həmçinin Azərbaycanın müstəqilliyinin ilk illərində bura böyük sayda dərman preparatları ixrac etmişik., lakin sonralar bu həcm azalıb. Səhiyyə Nazirliyinin nümayəndələri Hindistanda olub və vəziyyətlə tanış olub. Ümid edirəm ki, bundan sonra da əczaçılıq sahəsində hələ çoxlu əlaqələrimiz olacaq.

- 2012-ci ildə Hindistanın “ONGCVidesh” şirkəti Bakı-Tbilisi-Ceyhan boru kəmərində səhmlər alıb. Eyni zamanda Hindistanda NEZ tikintisi ilə bağlı da müəyyən fikirlər olub. Bu barədə yeni məlumatlar var? Hind şirkətləri Azərbaycanda öz fəaliyyətini necə genişləndirməyi planlaşdırır?

- Bəli, siz doğru söylədiniz bizim milli neft şirkətimiz 2012-ci ildə Azərbaycan neft sektoruna daxil olub və biz burada işlərin uğurla getməsindən məmnunuq. Bundan başqa milli qaz şirkətimiz SOCAR ilə əməkdaşlığın dərinlməsinə dair qarşılıqlı anlaşma haqqında memorandum imzalayıb. Azərbaycan böyük karbohidrogen ehtiyatlarına malikdir. Azərbaycan kimi Hindistan da bu gün sürətlə inkişaf edən ölkələrdəndir və bizə çox sayda enerji ehtiyatları tələb olunur. Buna görə də enerji sahəsində ölkələrimiz arasında sıx əməkdaşlıq mövcuddur. Azərbaycan və Hindistan milli şirkətləri bu sahədəki əlaqələrin daha da möhkəmlənməsində maraqlıdır. Biz bu əməkdaşlıqdan məmnunuq və ümid edirik ki, onu daha da genişləndirə biləcəyik.

- Azərbaycan və Hindistan arasında turizm sahəsində əməkdaşlıq necə inkişaf edir? Ötən il Hindistanda nə qədər turist olub və birbaşa reyslərin açılması haqqında danışıqlar aparılır?

- Hindistana səfər etməyə böyük maraq var. Hamı Tac Mahalı görmək və onun fonunda şəkil çəkdirmək istəyir. Ötən il biz 1000 viza vermişik ki, onlardan 600 turist vizası olub. Turistlərin sayı artmaqdadır. Lakin birbaşa reyslərin olmaması turizm sahəsində əməkdaşlığın inkişafına mane olur. Biz hava nəqliyyatı haqqında razılaşma imzalamaşıq və AZAL birbaşa reyslər açmaq niyyətində idi. Qoa əyalətinə uçuşlar mövcud olub, lakin uçuş qiymətinin baha olması və qoyulan xərci ödəməməsi səbəbindən həmin uçuşlar dayandırılıb. Hazırda bu sahədə də işlər düzgün istiqamətdə gedir. Qiymətlər düşüb və maraq artıb, buna görə də daha çox insan ora uçur. Eyni zamanda, Hindistandan bir çox insan Azərbnaycana gəlir. Ötən il turizm sektorunda çalışan 60 nəfərdən ibarət işçi qrupu bura gəlib. Lakin viza almaq bir o qədər də asan deyil. Hindistan vətəndaşı üçün Azərbaycan vizası almaq çox vaxt tələb edir. Buna görə də birbaşa reyslər təşkil olunduqdan və viza rejiminin sadələşdirilməsindən sonra Hindistandan bura gələn insanların sayı artacaq. 

Eyni zamanda, AZAL uzaq məsafələr üçün çox sayda təyyarə alır, buna görə də onlar bu uçuşları təşkil edə bilərlər. Əgər bu mümkün olmazsa, bir müddət əvvəl ağır maliyyə itgiləri ilə üzləşən, lakin hazırda yaxşı iqtisadi göstəricələrə malik olan "Air India" birbaşa uçuşlara başlaya bilər. 

- Mədəniyyət sahəsində əməkdaşlıq haqqında nə deyə bilərsiniz? Sovet dövründə hind mədəniyyəti SSRİ-də çox populyar idi, lakin ölkəmiz müstəqillik əldə edəndən sonra hind mədəniyyətinə maraq sanki bir qədər azalıb. Səfirlik ölkənizin mədəniyyətini təbliğ etmək üçün ötən il payızda Bakıda keçirilən tədbirin bənzəri kimi hər hansı bir tədbir keçirməyi planlaşdırır?

- Mən Azərbaycanda hind mədəniyyətinə bu qədər maraq və sevgi gördüyümə görə çox şadam. Bildiyiniz kimi, bir neçə illər bundan əvvəl Rac Kapur Bakıya gəlib. Siz doğru deyirsiniz, sovet dövründə mədəniyyət sahəsində daha sıx əməkdaşlıq edirdik. Biz Bakıda daha çox hind kinofestivalları keçirmək istərdik, lakin bu filmlərin Azərbaycan dilində olması lazımdır. Bizim bu sahədə təcrübəmiz yoxdur. Rus versiyaları var, lakin düşünmürəm ki, onlar burada qəbul olunacaq. Bizim bir çox seriallarımız, filmlərimiz Azərbaycan kanalları ilə nümayiş olunub və hazırda da nümayiş olunur. Biz, əlbəttə ki, müxtəlif istiqamətlərdə fəaliyyət göstərən, hind artistlərini bura gətirəcəyik. Lakin siz bilirsiniz ki, bunun üçün logistika və maliyyə tələb olunur. Ümid edirəm ki, biz Azərbaycanda çox sayda mədəni tədbirləri  həyata keçirə biləcəyik.

- Bildiyiniz kimi, yanvarın əvvəllərindən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət gərginləşib. Oxşar vəziyyət bəzən Cammu-Kəşmirdə də müşahidə olunur. Ölkələrimiz bir-birinə bu məsələdə necə kömək edə bilər?

- Dünyanın hər yerində münaqişələr iki tərəf arasında baş verir və biz hər zaman razılığa nail olmağa çalışırıq. Bomba və güllə vasitəsilə nəyi isə həll etmək mümkün deyil. Yalnız danışıqlar barışığa aparır. Biz dərk edirik ki, Azərbaycanla Ermənistan arasında ərazi mübahisəsi var və Azərbaycanın böyük bir ərazisi Ermənistan tərəfinin nəzarətindədir. ATƏT-in Minsk qrupu münaqişənin həllində iki ölkəyə kömək etməyə çalışır. İki ölkənin prezidenti ötən illər ərzində bir neçə dəfə görüşüb. Münaqişəni tərəflərin bir araya gəlib, müzakirələr aparıb və qarşılıqlı razılığa gəlməsindən sonra həll etmək olar. Hindistan hər zaman xalqların müstəqilliyi, insanların inteqrasiyası, sərhədlərin toxunulmazlığının tərəfdarı olub.

Eyni addımları biz Pakistanla Kəşmir münaqişəsi ilə bağlı məsələdə atırıq, lakin, təəssüf ki, sizin də bildiyiniz kimi, Kəşmirdəki son səsvermə göstərib ki, terrorçuların təhdidinə baxmayaraq, 75% vətəndaş seçkilərə gələrək öz nümayəndələrinə səs verib. Cammu-Kəşmirdən olan insanlar sülh arzusundadırlar. Lakin Taliban kimi qüvvələr və həmin regiondan olan ekstremistlər böyük sülh müqaviləsinin əldə olunmasında əngəllər yaradır. Pakistanda və Hindistanda mülki hökumət sülh istəyir. Lakin ekstremistlər bunun əleyhinədir. Onlar bomba və güllə gücü ilə vəziyyətə nəzarət etmək istəyirlər, lakin buna müvəffəq olmayacaqlar. Biz ümid edirik ki, hər şey yoluna düşəcək və sülh bərqərar olacaq. Belə bir atalar sözü var: sən dostlarını dəyişə bilərsən, lakin qonşularını dəyişə bilməzsən. Bu reallıqdır. Biz birgə yaşamaq üçün sülh istəyirik və ümid edirik ki, bu belə də olacaq. Cammu-Kəşmirdəki insanlar düşmənçilik istəmir və Hindistan da burada belə vəziyyət yaratmır. Taliban, Əl-Qaidə və İŞİD kimi qüvvələr sülhə və əminamanlığa əngəl törətmək istəyir.

- Cənab səfir, yaxın zamanlarda diplomatik missiyanızın başa çatması ilə əlaqədar bizim ölkəmizi tərk edəcəksiniz. Burada işlədiyiniz müddətdə hansı təcrübəni əldə etmisiniz?

- Burada gördüyüm qonaqpərvərlik və dostluq münasibəti mənə Hindistandakı gələcək işimdə yardım edəcək. Mən xöşbəxtəm ki, burada yaşadım. Mən və mənim ailəm burada xoşbəxt idik. Özümüzlə Bakı və bu möhtəşəm ölkə haqqında xoş təəssüratlar aparacağıq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi