Səfir: "BƏƏ ilə Azərbaycan arasında ikitərəfli dostluq münasibətləri daim inkişaf edib"

Səfir: "BƏƏ ilə Azərbaycan arasında ikitərəfli dostluq münasibətləri daim inkişaf edib" Bakıda BƏƏ-nin müstəqillik günü ilə bağlı rəsmi qəbul keçirilib
Xarici siyasət
4 Dekabr , 2017 19:48
Səfir: BƏƏ ilə Azərbaycan arasında ikitərəfli dostluq münasibətləri daim inkişaf edib

Bakı. 4 dekabr. REPORT.AZ/ "Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Azərbaycan arasında ikitərəfli dostluq münasibətləri daim inkişaf edib".

"Report" xəbər verir ki, bunu BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Hamel əl-Qubaisi ölkəsinin müstəqillik günü ilə bağlı keçirilən rəsmi qəbulda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu əlaqələrin kökləri əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə dayanır və iki ölkə, xalq arasında güclü tərəfdaşlığa çevrilib: "Bu il həm də diplomatik əlaqələrin 25 illiyini qeyd edirik. Ölkə rəhbərlərinin qarşılıqlı səfərləri, eləcə də iqtisadiyyat, turizm və mədəniyyət sahələrində artan mübadilə həcmi ölkələr arasında möhkəm ikitərəfli əlaqələrin olduğunu göstərir".

Səfir qeyd edib ki, bu ilin on ayı ərzində BƏƏ-dən Azərbaycana, təxminən, 100 min turist girişi müşahidə edilib.

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev isə çıxışında vurğulayıb ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri məhz Birləşmiş Ərəb Əmirlikləri olub: "Əməkdaşlığımız uğurla davam edir və gündən-günə daha da inkişaf edir. BƏƏ rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyir".

XİN rəsmisi həmçinin iki ölkə arasında nəqliyyat dəhlizlərinin imkanlarından istifadə edilməsinin vacibliyinə toxunub: "Gələn ilin mart-may aylarında "Etihad Airways" şirkəti Əbu-Dabi - Bakı - Əbu-Dabi aviareyslərini həyata keçirməyə başlayacaq". 

Son xəbərlər

Orphus sistemi