Azərbaycanla Filippin arasında viza rejiminin sadələşdirilməsi istiqamətində çalışırıq.
Bunu "Report"a müsahibəsində Filippinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə yeni təyin olunmuş səfiri Henri Jr. Bensurton (Henry Bensurto) deyib.
O qeyd edib ki, etimadnaməsini Prezident İlham Əliyevə təqdim etmək üçün Bakıya səfər etdiyi vaxt dövlət rəsmiləri ilə keçirilən görüşlərdə bu məsələyə də diqqət çəkib:
"Bakıda keçirdiyim rəsmi görüşlərdə üzərində durduğum önəmli məsələlərdən biri havayolu xidmətləri ilə bağlı idi. İstəyirəm ki, yaxın gələcəkdə Azərbaycanla Filippin arasında birbaşa uçuşlar olsun və xalqlarımız qarşılıqlı olaraq daha rahat səyahət edə bilsinlər. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə viza məsələsini gündəmə gətirdik. Çalışıram ki, aramızdakı viza mübadiləsi asanlaşsın və yalnız diplomatlar deyil, sadə vətəndaşlarımız da qarşılıqlı səfər etmək imkanı əldə etsin".
Səfir hesab edir ki, viza rejiminin sadələşməsi iki xalqın yaxınlaşmasına daha da stimul verə bilər:
"Təbii ki, bunlar hələ bir ideyadır və biz reallaşmasına çalışacağıq. Azərbaycanda görüşdüyüm rəsmilərlə söhbətlərimiz, müzakirələrimiz də çox maraqlı və faydalı keçdi. Ona görə də bu məsələlərdə nikbinəm. Hazırda Azərbaycan dünyanın qlobal oyunçulardan biri olduğunu nəzərə alsaq, bu kimi anlaşmalar və qərarlar ölkənin xeyrinədir".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.