"Azərbaycan bizdə (Monqolustanda) ilk növbədə, keçmiş Sovet İttifaqında tanınan opera müğənnisi Müslüm Maqomayevlə və tükənməz neft-qaz ehtiyatları ilə tanınır".
Bunu Monqolustanın Türkiyədəki səfiri, ölkəsinin Azərbaycan üzrə fövqəladə və səlahiyyətli səfiri diplomatik missiyasını yerinə yetirən, Ankarada iqamət edən Qombosuren Munxbayar “Report”un Ankara bürosuna verdiyi müsahibədə deyib.
O, 1989-cu ildə indiki Yekaterinburqda Ural Dövlət Texniki İnstitutunu bitirdiyini qeyd edib:
"Bakıda təhsil alan dostlarımdan bəziləri məni dəvət etsələr də, o vaxt bu şəhəri ziyarət etmək imkanım olmadı. Buna baxmayaraq, bilirəm ki, Azərbaycan zəngin və maraqlı tarixə malik, mehriban və qonaqpərvər insanları olan çox gözəl ölkədir. Coğrafi uzaqlığa baxmayaraq, azərbaycanlılar həmvətənlərim tərəfindən yaxından qəbul edilir. Azərbaycan bizdə ilk növbədə, keçmiş Sovet İttifaqında tanınan opera müğənnisi Müslüm Maqomayevlə və tükənməz neft-qaz ehtiyatları ilə tanınır. Bir çox Monqolustan vətəndaşı hələ də xatırlayır ki, sovet filmi “Brilyant əl”in məşhur səhnəsi Bakıda lentə alınıb".
Səfir vurğulayıb ki, Bakı gözəl və rəngarəng şəhərdir:
"Eyni zamanda müasir və qədim şəhərin görünüşünü özündə cəmləşdirir. Çox şadam ki, Azərbaycan kimi qəlbimə yaxın bir ölkədə fövqəladə və səlahiyyətli səfir kimi fəaliyyət göstərirəm".
Müsahibəni ətraflı şəkildə buradan oxuya bilərsiniz.