Səfir: Azərbaycan və BƏƏ-nin tərəfdaşlığı iqlim dəyişikliyi ilə mübarizədə mənalı həllər təqdim edə bilər - MÜSAHİBƏ

Səfir: Azərbaycan və BƏƏ-nin tərəfdaşlığı iqlim dəyişikliyi ilə mübarizədə mənalı həllər təqdim edə bilər - MÜSAHİBƏ Növbəti həftədən etibarən Bakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. BMT-nin Baş katibi Antoni Quterreşlə yanaşı, Konvensiyanın tərəf dövlətlərindən 50 prezident, 10 vit
Xarici siyasət
9 Noyabr , 2024 10:42
Səfir: Azərbaycan və BƏƏ-nin tərəfdaşlığı iqlim dəyişikliyi ilə mübarizədə mənalı həllər təqdim edə bilər - MÜSAHİBƏ
Məhəmməd Əl Bluşi

Növbəti həftədən etibarən Bakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. BMT-nin Baş katibi Antoni Quterreşlə yanaşı, Konvensiyanın tərəf dövlətlərindən 80-ə yaxın dövlət və hökumət başçısının konfransda iştirak üçün Bakıya təşrif buyurması gözlənilir. 29-cu konfransdan liderlərin və bütövlükdə dünyanın gözləntisi isə iqlim maliyyəsi probleminin həlli istiqamətində qərarın qəbul edilməsidir. Qarşıya qoyulan hədəflərə çatma yolunda isə Azərbaycan tərəfi COP28-in ev sahibi olmuş Birləşmiş Ərəb Əmrlikləri (BƏƏ) və COP30-un keçiriləcəyi Braziliya sədrlikləri ilə sıx əməkdaşlıq içərisindədir. COP Sədrlikləri Üçlüyünü formalaşdıran bu tərəflər hazırda həm də ötən il qəbul olunmuş BƏƏ Konsesusunun iştirakçı ölkələr tərəfindən icrası üçün çalışırlar.

BƏƏ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi “Report”a müsahibəsində COP29 çərçivəsində iki ölkənin əməkdaşlığı, konfransdan gözləntiləri, iqlim hədəflərinə nail olma yolunda atılan addımlar və digər məsələlər bağlı sualları cavablandırıb:

- Cənab səfir, ilk olaraq fəaliyyətə başladığınız dövrdən etibarən Azərbaycanın sizdə yaratdığı təəssüratları bizimlə bölüşməyinizi istərdik.

- Azərbaycan, həqiqətən də, unikal və heyranedici bir ölkədir. Ölkənizin gözəl təbiət mənzərələrini, qonaqpərvərliyini, sürətlə inkişaf edən şəhərlərini, zəngin mədəniyyətini və mətbəxini çox yüksək qiymətləndirirəm. Ötən müddət ərzində Azərbaycanın müxtəlif şəhər və bölgələrini ziyarət etmək imkanım olub və deyə bilərəm ki, bu bölgələrin hər biri özünəməxsusluğu və füsunkarlığı ilə seçilir.

- Cari ilin yanvar ayında Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana rəsmi səfər etdi. Bu səfər çərçivəsində iki ölkə arasında bir çox sənədlər imzalandı. Bugünkü baxışdan həmin səfərin nəticələrini necə qiymətləndirirsiniz? Sizcə, iki ölkə arasında əməkdaşlığı genişləndirmək üçün potensial sahələr hansılardır?

- Bu, tarixi səfər idi, çünki Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilk dəfə idi ki, Bakıya gəlirdi. Bu əhəmiyyətli hadisə zamanı ölkələrimiz arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu da daxil olmaqla bir sıra mühüm sənədlər imzalandı. Həmin memorandum BƏƏ və Azərbaycanın ikitərəfli münasibətlərə verdikləri önəmi və dayanıqlı inkişaf üçün ortaq baxışımızı vurğulayır.

Gələcəyə baxdıqda xalqlarımız arasında əlaqələrin inkişafı ilə yanaşı, əməkdaşlığımızın genişləndirilməsi üçün də çoxsaylı potensial sahələrin mövcud olduğunu görürük. Ölkələrimiz arasında viza rejiminin ləğvi turizm sahəsində, xüsusilə tibbi turizmdə inkişaf üçün imkanlar yaradır. Əməkdaşlıq üçün bərpa olunan enerji, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, səhiyyə və ekologiya kimi sahələr də var. Bunlarla yanaşı, logistika, informasiya texnologiyaları, innovasiya və süni intellekt sahələrində əhəmiyyətli perspektivlər görürük. Maliyyə və investisiya sahələri də olduqca cəlbedici görünür. Həmçinin aparıcı yerli şirkətlərlə birgə müəssisələr yaratmaq imkanları var. Son olaraq isə, fikrimcə, tikinti, daşınmaz əmlak, eləcə də françayzinq kimi sektorlar ölkələrimiz arasında tərəfdaşlıq üçün müxtəlif istiqamətləri nümayiş etdirir.

Məhəmməd Əl Bluşi
Məhəmməd Əl Bluşi

- Bir neçə gün sonra Bakı COP29-a ev sahibliyi edəcək. COP28 isə ötən il Dubayda keçirilib. Bu çərçivədə konfransa hazırlıqla əlaqədar ötən bir ilə yaxın dövr ərzində iki ölkə arasında əməkdaşlıq necə qurulmuşdu? Sizcə, konfransın ardıcıl olaraq neft ixrac edən ölkələrdə keçirilməsinin üstünlükləri nələrdir və bu, dünyaya hansı mesajları çatdıra bilər?

- Biz artıq müxtəlif sahələrdə çox məhsuldar ikitərəfli əməkdaşlıq qurmuşuq və inanıram ki, COP29 çərçivəsində əməkdaşlığımızdan ölkələrimiz çox fayda götürəcəklər. Belə iqlim konfranslarına ev sahibliyi etmək bərpa olunan enerjinin əhəmiyyətini vurğulamaq üçün unikal imkan təqdim edir. Həmçinin bu, ətraf-mühit məsələləri ilə bağlı cəmiyyətdə məlumatlılığı artırmaq üçün nümunəvi bir model hesab oluna bilər.

COP28 198 tərəfin iştirak etdiyi tarixi BƏƏ Konsensusu ilə nəticələnərək yeni bir iqlim fəaliyyəti dövrünün başlanğıcını qeyd edən müstəsna uğura imza atdı. Konfrans qərarların qəbulu prosesində bütün səslərin eşidilməsini və qiymətləndirilməsini təmin edərək bu günə qədərki ən inklüziv tədbir oldu.

COP28 zamanı 1.5°C hədəfinin qorunmasını nəzərdə tutan iddialı iqlim gündəminin elan edilməsi də daxil olmaqla əldə edilən mühüm nailiyyətlər həm də BƏƏ-nin iqlim fəaliyyətini öz iqtisadi diversifikasiya strategiyasına inteqrasiya etməyə olan qərarlılığını əks etdirir. BƏƏ uzun zamandır iqlim fəaliyyəti ilə bağlı qlobal çağırışlara praktiki həllər təklif etmək, dayanıqlı iqtisadi inkişafı təşviq etmək, gələcək nəsillər üçün bilik, bacarıq və iş yerləri yaratmaq imkanı kimi baxır.

Paris Sazişini imzalayan və ratifikasiya edən, iqtisadiyyat üzrə emissiya azaldılmasına sadiq olan, eləcə də 2050-ci il üçün “Net Zero” strateji təşəbbüsünü elan edən regiondakı ilk ölkə kimi, BƏƏ iqlim innovasiyasında lider mövqedədir. Ölkəmiz dünyadakı ən böyük və ən sərfəli üç günəş stansiyasına ev sahibliyi edir və sənaye miqyaslı karbon tutma texnologiyası ilə sıfır emissiyalı nüvə enerjisini inkişaf etdirib.

BƏƏ-nin bərpa olunan enerjiyə təsirli nüfuzu və lider rolu qonşu ölkələri oxşar iddialı iqlim təşəbbüslərini qəbul etməyə təşviq edir. Hidrokarbon istehsal edən bir ölkə olaraq BƏƏ enerji keçidindəki mühüm rolunun fərqindədir və ortaq hədəflərin müəyyən edilməsi üçün liderlər arasında əməkdaşlığı təşviq etmək niyyətindədir.

Azərbaycan ilə tərəfdaşlığımız BƏƏ-nin cəsarətli iqlim fəaliyyətinə və dayanıqlı inkişafa sadiqliyini gücləndirərək iqlim dəyişikliyi ilə mübarizədə dönüş yarada və mənalı həllər təqdim edə bilər.

- Azərbaycanda 2024-cü il "Yaşıl Dünya Naminə Həmrəylik İli" elan edib. Həmçinin ölkədə 2050-ci ilə qədər işğaldan azad edilmiş ərazilərdə “xalis sıfır emissiya”ya nail olmaq da daxil “yaşıl” iqtisadiyyata keçid prioritet kimi müəyyənləşib. Bu fonda COP29-dan gözləntiləriniz nələrdir və Azərbaycanın iqlim hədəflərinə nail olmaq səylərini necə qiymətləndirirsiniz?

- COP29-un Azərbaycanda keçirilməsi ölkəniz üçün əlamətdar bir uğurdur. Bu nailiyyət münasibətilə bir daha Azərbaycanı təbrik edirəm.

BƏƏ Konsensusu ilə nəticələnən COP28-in böyük uğuru üzərində qurulan COP29 BƏƏ-də qəbul edilən iddialı qərarların həyata keçirilməsi üçün lazım olan mexanizmlərin müzakirə olunması və tətbiq edilməsi üçün dəyərli bir fürsət təqdim edir.

COP28 bütün səslərin eşidildiyi və prosesə cəlb olunduğu qeyri-adi inklüzivliyi ilə seçildi. Konfrans 1.5°C hədəfinin qorunmasını hədəfləyən cəsarətli iqlim gündəmini əks etdirən BƏƏ Konsensusunun əldə edilməsi ilə mühüm nailiyyətə imza atdı. Bu tarixi razılaşma net sıfır emissiyalara nail olmaq üçün fosil yanacaqlardan keçidi təşviq edir və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) təqdim olunmasını tövsiyə edir. Bundan əlavə, iqlim maliyyəsi üçün yeni arxitekturanın qurulması istiqamətində inkişafa təkan verməklə yanaşı, 2030-cu ilə qədər bərpa olunan enerji gücünün üç dəfə, enerji səmərəliliyinin isə iki dəfə artırılması üçün xüsusi hədəf müəyyən edib.

BƏƏ Konsensusu bir il ərzində həyata keçirilən inklüziv diplomatik əlaqələrin və iki həftəlik gərgin danışıqların nəticəsidir. COP28 sədrliyinin Qlobal Dəyərləndirməyə (Global Stocktake) cəsarətli cavab vermək və Paris Sazişinin əsas məqsədlərini yerinə yetirmək səylərini əks etdirir. Ümumilikdə, COP28 sədrliyi ədalətli və nizamlı enerji keçidinə, iqlim maliyyəsinin əlçatanlığının artırılmasına, insan və təbiətə üstünlük verilməsinə və iqlim fəaliyyətində tam inklüzivliyin təmin olunmasına vurğu edən “Fəaliyyət Gündəliyi” vasitəsilə cəsarətli addımlar atdı.

Məhəmməd Əl Bluşi
Məhəmməd Əl Bluşi

COP29-un Azərbaycanda keçiriləcəyini nəzərə alaraq onun COP28-in impulsunu davam etdirəcəyini və Braziliyada baş tutacaq COP30-a doğru daha da irəliləyişə yol açacağını gözləyirik. Bu toplantılar birlikdə qlobal iqlim fəaliyyətinin və əməkdaşlığının əhəmiyyətli dərəcədə irəliləməsinə töhfə verə bilər.

Cənab səfir, hər il BƏƏ-dən Azərbaycana çox sayda turist gəlir. Sizcə, Azərbaycanı BƏƏ vətəndaşları üçün cəlbedici edən nədir? Viza rejiminin ləğvindən sonra ziyarətçi sayının artacağını düşünürsünüzmü?

- Turizm vacib bir sektordur və ölkələrimiz arasında turist sayının qarşılıqlı şəkildə artması o deməkdir ki, hər iki istiqamətdən ziyarətçilər bu səfərlərdən məmnunluq duyurlar. Mədəniyyət, ənənə və qonaqpərvərlik kimi amillər turizm sahəsində əməkdaşlığa müsbət təsir göstərir.

Məqsədimiz turistlər üçün səfərləri asanlaşdırmaqdır və yaxınlarda elan edilmiş vizasız rejim qarşılıqlı səfərləri daha da artırıb. Mən vaxtaşırı Azərbaycan turizm sahəsinin rəsmiləri ilə görüşürəm və qarşılıqlı turist səfərlərinin sayını daha da artırmaq üçün turizm təşkilatları ilə əlaqələri genişləndirmək təşəbbüslərini müzakirə edirəm.

Bu səylər turizm sektorunda ikitərəfli münasibətlərimizi inkişaf etdirməyə olan davamlı sadiqliyimizi vurğulayır.

Son xəbərlər

Orphus sistemi