Yuxarı

Səfir: "Azərbaycan Hindistan üçün vacib tərəfdaşdır"

Biz hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik

Bakı. 26 Yanvar. REPORT.AZ/ "Azərbaycan Hindistan üçün vacib tərəfdaşdər. İki ölkə xalqı tarixi və mədəni baxımdan bir-birinə çox yaxındır".

Bu sözləri "Report"a müsahibəsində Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib.

Hindistanın 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu qeyd edən S.Rana hazırda ikitərəfli əməkdaşlığın prioritetlərindən biri kimi xalqlarımızın daha da yaxınlaşması olduğunu göstərib.

İqtisadi əlaqələrdən danışan səfir qeyd edib ki, 2015-ci ildə ticarət dövriyyəsinin səviyyəsi neftin qiymətinin aşağı olması səbəbilə azalıb və 250 milyon dollar təşkil edib. Diplomat həmçinin Hindistanın "ONGC Videsh" neft şirkətinin "Azəri-Çıraq-Günəşli" yatağında və Bakı-Tbilisi-Ceyhan neft kəmərində səhmlərə malik olduğunu vurğulayıb: "Eyni zamanda GAİL qaz şirkəti maye qazın tədarükü sahəsində SOCAR ilə anlaşma memorandumu imzalayıb. Hindistan şirkətləri enerji daşıyıcılarını daha çox Azərbaycandan alır. Bu, Hindistan və Azərbaycan arasındakı ticarət dövriyyəsinin əsas hissəsini təşkil edir. Hindistan həmçinin Azərbaycana çay, azərbaycanlılar arasında məşhur olan basmati düyüsü ixrac edir".

Diplomat həmçinin qeyd edib ki, hindistanlı iş adamlarının "Şimal - Cənub" nəqliyyat dəhlizindən istifadə edə bilərlər: "İndi Azərbaycana dəniz yolu ilə mal göndərilməsi üçün 40 gün lazım gəlir. Azərbaycan "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzrə əhəmiyyətli mövqeyə malikdir. Bu dəhliz vasitəsilə malların daşınmasını Azərbaycan üzrindən Rusiya və Avropaya həyata keçirə bilərik. Hazırda Azərbaycan və İran çatışmayan dəmir yolu xəttinin inşası üzərində çalışır".

S.Rana 2015-ci ildə il Hindistana Azərbaycandan təxminən 2000 turistin gəldiyini vurğulayaraq, turizm sahəsindəki potensialı qabardıb: O, həmçinin Hindistan mədəniyyətinin hələ də Azərbaycanda məşhur olduğunu vurğulayıb: "Tanınmış hind aktyoru Rac Kapur Azərbaycana səfərlər edirdi. Eləcə də Rəşid Behbudov və Elmira Rəhimova Hindistana gəlirdi. Sıx mədəni əlaqələrimiz var. Hindistan səfirliyi də mədəniyyət sahəsində müxtəlif tədbirlər təşkil edir".

Bundan əlavə, S.Rana Azərbaycan və Hindistanın terrorizmlə birgə mübarizə apara biləcəyini bildirib: "Terrorizm bütün bəşəriyyət üçün bir fəlakətdir və bu, ölkələrin birgə həll etməli olduğu problemdir".

Hindistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyindən danışan səfir bunun aydın və sarsılmaz olduğunu deyib: "

"Biz hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik. Bu prinsiplərə əsasən, biz daim Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları yolu ilə həllini dəstəkləmişik. Biz həmçinin ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi