Səfir: "Azərbaycan Avstriyanın Cənubi Qafqazdakı ən böyük iqtisadi tərəfdaşıdır" - MÜSAHİBƏ

Səfir: "Azərbaycan Avstriyanın Cənubi Qafqazdakı ən böyük iqtisadi tərəfdaşıdır" - MÜSAHİBƏ Bakı. 2 noyabr. REPORT.AZ/ Avstriyanın Azərbaycandakı diplomatik missiyasını başa vuran səfiri Aksel Vexin Reporta müsahibəsi:
Xarici siyasət
2 Noyabr , 2018 10:07
Səfir: Azərbaycan Avstriyanın Cənubi Qafqazdakı ən böyük iqtisadi tərəfdaşıdır - MÜSAHİBƏ
0 : 00
0 : 00

Bakı. 2 noyabr. REPORT.AZ/ Avstriyanın Azərbaycandakı diplomatik missiyasını başa vuran səfiri Aksel Vexin "Report"a müsahibəsi: 

- Azərbaycanla Avstriya araındakı əməkdaşlığın səviyyəsini necə dəyərləndirirsiniz?

- Ölkələrimiz arasında xoş münasibətlər var. Birgə mənafelərimiz çox olduğundan istər ikitərəfli formatda, istərsə də beynəlxalq səviyyədə uğurlu əməkdaşlıq edirik. Məsələn, BMT çərçivəsində silahların azalması məsələsində səmərəli fəaliyyət göstəririk. Şübhəsiz, Azərbaycan regionda mühüm rol oynayır. Bu da Türkiyə, İran, Rusiya ilə iki və üçtərəfli əməkdaşlıq formatlarla bağlıdır. 

Beləliklə, ölkəniz regionda moderator vəzifəsini yerinə yetirir. Elə Türkiyə hava məkanında Rusiyaya məxsus təyyarə vurulanda da  bunu əyani şəkildə gördük.

- İki ölkə arasında münasibətlərin hansı sahələri daha əhəmiyyətlidir?

- Aramızdakı münasibətlərin başlıca istiqaməti enerji sahəsidir. Vaxtilə bizim,- sonra baş tutmamış,- “Nabucco” qaz kəməri layihəsinə böyük marağımız vardı. Həm də enerji sahəsində əməkdaşlıq Azərbaycanın təkcə Avstriya ilə yox, Avropa İttifaqı ilə əlaqələrində mühüm yer tutur. Azərbaycan Cənubi Qafqazda ən böyük iqtisadi gücdür. Bu gün iqtisadi əlaqələrimizin böyük potensialı var, hərçənd əmtəə dövriyyəmizin əsas payı neftin üzərinə düşdüyündən, bu, xeyli dərəcədə neftin qiymətindən asılıdır.

- Bəs enerjidən başqa hansı sahələrdə ölkələrimiz yaxından əməkdaşlıq edir?

- Hazırda Azərbaycanda sürətlə inkişaf edən sahələrdən biri də turizmdir. Bununla yanaşı, nəqliyyat sahəsində də səmərəli əməkdaşlığımız var. Belə ki, Avropadan Çinə İpək Yolu nəqliyyat dəhlizi layihəsində, habelə Azərbaycanın dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi ilə bağlı işlər gedir. Qeyd etmək istərdim ki, Azərbaycan Avstriyanın Cənubi Qafqazdakı ən böyük iqtisadi tərəfdaşıdır. 2017-ci ildə ölkələrimiz arasındakı ticarət dövriyyəsi 422 milyon avroya yaxın olub ki, bunun da 362 milyonu Avstriyanın idxalının payına düşür.

- Avstriya şirkətləri Azərbaycanda tikinti və memarlıq sahəsindəki layihələr həyata keçirir. Ölkənizin iş adamlarının marağını cəlb edəcək yeni belə layihələr varmı?

- Son iki il Azərbaycan iqtisadiyyatı üçün kifayət qədər mürəkkəb keçib. Bu da əməkdaşlığımıza təsirsiz ötüşməyib. Odur ki, yeni müqavilə bağlanmayıb, lakin Avstriya şirkətləri köhnə və ya ixtisar edilən müqavilərlə də olsa, Azərbaycanda çalışmağa davam edir. İndi isə işlər düzəlir, yeni-yeni müqavilələr imzalanır. Məsələn, Avstriya şirkətlərindən biri İçərişəhərdə bərpa işlərinə qoşulub. Hazırda Azərbaycanda Avstriya kapitallı 40 şirkət fəaliyyət göstərir.

- Avstriya şirkətləri Azərbaycanda ən çox hansı sahələrə sərmayə qoymağa həvəslidir?

- Əlbəttə, bizim şirkətlər Azərbaycanda işləməkdə maraqlıdır, burada uzunmüddətli müqavilələr imzalayırlar. Qeyd edim ki, Avstriya iş adamları burada tez mənfəət axtarmır, məhz uzunmüddətli iş qurmağa çalışırlar. Ən cazibəli sahələr turizm, inşaat, nəqliyyat sayılır. Bununla yanaşı, Avstriya Azərbaycanın regional layihələrinə, o cümlədən Cənub Qaz Dəhlizi layihəsinə böyük maraq göstərir. Avropa İttifaqının üzvü kimi, Avstriya da enerji daşıyıcı nəqlinin şaxələndirilməsinə çalışır.

- Azərbaycanda turizmin inkişafına böyük diqqət verilir. Ölkəmiz Avstriya turistləri üçün maraqlıdırmı?

- Hazırda Azərbaycan bu mənada Avropadan daha çox Körfəz ölkələri bazarına yönəlir. Bununla bərabər, konfrans turizmi inkişaf edir, çoxlu beşulduzlu hotellər var. Avstriyalı turistlər isə daha çox orta sinif turlarına üstünlük verirlər. Bu gün Avstriya turizm şirkətləri Cənubi Qafqazın bütün ölkələrinə turlar təklif edir. Yəni Azərbaycan daha çox avstriyalı turistləri cəlb etmək üçün böyük imkanlara malikdir.

- Bildiyiniz kimi, Azərbaycan qonşu Ermənistanın hərbi təcavüzünə məruz qalıb, ölkə ərazisinin 20 faizi işğal altındadır, bir milyondan çox qaçqın-köçkünümüz var. Münaqişənin həllinə Avstriya hansı dəstək verə bilər?

- Bu istiqamətdə əməkdaşlıq etdiyimiz ATƏT kimi bir sıra beynəlxalq mexanizmlər mövcuddur. Birbaşa həll prosesində iştirak etməsə də, Avstriya bu münaqişənin ATƏT-in Minsk qrupu vasitəsilə həll olunmasına tərəfdardır. Hərçənd, yadınızdadırsa, ATƏT sədrliyi dövründə Avstriya bitərəf, yəni daha çox moderator rolu icra etdi.

- Azərbaycanda diplomatik missiyanızı başa vurarkən ötən dövrdə ən yaddaqalan hadisəni danışmağınızı istərdik.

- Yəqin ki, Bakıda işlədiyim müddət ərzində ən yaddaqalan iki il davam edən iqtisadi çətinliklər oldu. Buna baxmayaraq, Azərbaycan mənim üçün iqtisadi cəhətdən olduqca maraqlı və cazibədar ölkədir. Həmin o böhran olmasaydı, daha çox nailiyyət əldə edər, həmçinin mədəniyyət sahəsində daha səmərəli əməkdaşlıq edə bilərdik.

Son xəbərlər

Orphus sistemi