Saymon Makdonald: "Aİ-dən çıxmaq rəsmi Londona tərəfdaşları ilə daha asan əlaqələr yaratmağa imkan verəcək"

Saymon Makdonald: "Aİ-dən çıxmaq rəsmi Londona tərəfdaşları ilə daha asan əlaqələr yaratmağa imkan verəcək" Böyük Britaniyanın xarici işlər nazirinin müavini Bakıda "ADA" Universitetində mühazirə oxuyub
Xarici siyasət
6 Mart , 2017 17:50
Saymon Makdonald: Aİ-dən çıxmaq rəsmi Londona tərəfdaşları ilə daha asan əlaqələr yaratmağa imkan verəcək

Bakı. 6 mart. REPORT.AZ/ "Böyük Britaniya "Brixit" fonunda bütün dünyaya, eləcə də Avropaya praqmatik və açıq olmağa çalışır".

"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər nazirinin müavini Saymon Makdonald Bakıda "ADA" Universitetində mühazirə oxuyan zaman deyib.

"Böyük Britaniya dünya iqtisadiyyatının beşdə birinə sahibdir və ordusu dünyada dördüncüdür. Bu da onun qlobal rolunun göstəricisidir" - S.Makdonald bildirib.

O, ölkəsinin xarici siyasətdə hər hansı ideologiyanı rəhbər tutmadığını vurğulayıb. Onun sözlərinə görə, Böyük Britaniyanın Aİ-dən çıxması Londona tərəfdaşları ilə daha asan qarşılıqlı əlaqələr yaratmağa imkan verəcək.

Rəsmi Londonun Moskva ilə əlaqələrdən danışan diplomat Rusiyanın Avropada ən vacib ölkələrdən biri olduğunu deyib: "Bu gün 3 qüvvə Aİ-dən kənardadır. Bunlar şərqdən Rusiya, cənubdan Türkiyə, şimaldan Böyük Britaniyadır. Çox maraqlı vəziyyət yaranıb."

Nazir müavini Rusiyanın və Türkiyənin siyasi vektorlarının Böyük Britaniyadan fərqləndiyini, hər iki ölkənin, həmçinin Yaxın Şərqdə, öz yolu ilə getdiyini qeyd edib.

Onun sözlərinə görə, Böyük Brtitaniya İkinci Dünya müharibəsindən bəri Rusiya ilə müttəfiq olmayıb və perspektivdə də olmaq niyyətində deyil: "Son onilliklərin tarixi münasibətlərimizdə skeptisizm olduğunu göstərib."

Böyük Britaniyanın Yaxın Şərq siyasətindən danışan S.Makdonald Londonun əlaqələrini saxlamaq və regiondakı vəziyyətə görə məsuliyyət daşımağa davam etmək niyyətində olduğunu vurğulayıb. 

"Böyük Britaniyanın regionda təsir gücü qaldığından bu və ya digər məsələlərdə tez-tez vasitəçi qismində çıxış edirik. Hesab edirəm ki, danışıqlar yolu ilə Yaxın Şərqdə hər bir problemi həll etmək mümkündür", - diplomat fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi