Şamaxıda “Yaponiya-Azərbaycan Dostluq İli” çərçivəsində tədbir keçirilib

Şamaxıda “Yaponiya-Azərbaycan Dostluq İli” çərçivəsində tədbir keçirilib Yaponiya Səfirliyi tərəfindən Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümünə təsadüf edən “Yaponiya-Azərbaycan Dostluq İli 2022” çərçivəsində növbəti tədbir həyata keçirilib.
Xarici siyasət
20 May , 2022 12:21
Şamaxıda “Yaponiya-Azərbaycan Dostluq İli” çərçivəsində tədbir keçirilib

Yaponiya Səfirliyi tərəfindən Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümünə təsadüf edən “Yaponiya-Azərbaycan Dostluq İli 2022” çərçivəsində növbəti tədbir həyata keçirilib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, Yaponiya Səfirliyi və Yaponiyanın Hitachi Hightech şirkətinin birgə əməkdaşlığı ilə Şamaxıda yerləşən E.Hüseynov adına 2 saylı tam orta məktəbdə “Təbiət Elmləri Təhsilinə dəstək” adlı təlim dərsi baş tutub.

Tədbirdə Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri Vada Cüniçi, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Təhsil Nazirliyi Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdir müavini Sevinc Qasımova, Dağlıq Şirvan Regional Təhsil idarəsinin müdiri Rövşən Əliyev və digər qonaqlar iştirak ediblər.

Təlim zamanı şagirdlərə Hitachi Hightech şirkətinə məxsus elektron mikroskop vasitəsilə çəkilmiş müxtəlif görüntülər və biologiya üzrə maraqlı məlumatlar verilmiş, yeni biliklər aşılanmışdır.

“Hitachi Hightech” Rusiya və Yaponiya ofislərinin birgə hazırladığı və dünyanın bir sıra ölkələrində təqdim etdikləri təlim dərsi prezentasiya ilə başlamış, daha sonra 7-ci sinif şagirdlərinə elektron mikroskopu uzaqdan idarə edərək müxtəlif nümunələrə baxma imkanı verilib.

Qeyd edək ki, bu il silsilə şəkildə keçiriləcək bu tədbirlərdən ilki artıq fevral ayında Bakıda baş tutub.

Tədbirin əsas məqsədi Azərbaycanda şagirdlərin təbiət elmlərinə olan marağını artırmaq, gündəlik həyatlarında gördükləri əşya və ya canlıların quruluşları ilə bağlı düşündürərək təbiət elmlərinin əyləncəli tərəfini aşılamaq, eyni zamanda Yaponiya istehsalı olan qabaqcıl texnologiyanı təqdim etmək olub.

Bundan əlavə, tədbir vasitəsilə şagirdlərin Yaponiyaya qarşı marağının artırması və bununla da, iki ölkə arasında əlaqələrin daha genişlənməsinə və inkişafına töhfə olacağı gözlənilir. Eyni tədbirin Azərbaycanın digər regionları daxil olmaqla, 2 başqa təhsil müəssisəsində Bakı və Şəki şəhərlərində keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi