Sahibə Qafarova: "Azərbaycan COVID-19-a qarşı mühüm addımlar atıb"

Sahibə Qafarova: "Azərbaycan COVID-19-a qarşı mühüm addımlar atıb" “Ötən il dünya pandemiya ilə üz-üzə qalanda Azərbaycan Ermənistan tərəfindən törədilmiş hərbi təxribatlara, daha sonra başlayan 44 günlük müharibəyə baxmayaraq bu xəstəliyin yayılması ilə yaranan təhlükələrə qarşı çevik və adekvat cavab vermək üçün ciddi
Xarici siyasət
25 Noyabr , 2021 15:36
Sahibə Qafarova: Azərbaycan COVID-19-a qarşı mühüm addımlar atıb

“Ötən il dünya pandemiya ilə üz-üzə qalanda Azərbaycan Ermənistan tərəfindən törədilmiş hərbi təxribatlara, daha sonra başlayan 44 günlük müharibəyə baxmayaraq, bu xəstəliyin yayılması ilə yaranan təhlükələrə qarşı çevik və adekvat cavab vermək üçün ciddi addımlar atıb”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburq şəhərində keçirilən MDB Parlametlərarası Asambleyasının iclasındakı nitqi zamanı bildirib.

O, hazırkı pandemiya dövründə səhiyyə xidmətlərini hər kəsə şamil etməyin əvvəllər görünməmiş dərəcədə əhəmiyyət daşıdığını dilə gətirib: “Qeyd etməliyəm ki, bu gün səhiyyə qarşısında duran başlıca vəzifələrdən biri də müalicənin hamı üçün əlçatan olmasıdır. Fikrimcə, bütün ölkələrdə səhiyyəyə yatırılan sərmayələrin keyfiyyət və kəmiyyət baxımdan artması, milli çərçivələrdə fəaliyyətin genişlənməsi dünyanı bu hədəfə yaxınlaşdırmağa təkan verəcək”.

Azərbaycanın səhiyyə sisteminin nailiyyətlərindən danışan Milli Məclis sədri deyib: “Səhiyyə sisteminin inkişaf etdirilməsi, maddi texniki bazasının, kadr ehtiyatlarının təkmilləşdirilməsi, bu sahədəki infrastrukturun yenilənməsi daim dövlətin diqqət mərkəzində olub. Ölkə rəhbərliyinin sosial siyasəti nəticəsində səhiyyəyə ayrılan büdcə vəsaitlərinin həcmi ilbəil artır ki, nəticədə səhiyyə müəssisələrinin fəaliyyəti, göstərilən xidmətlərin səviyyəsi daha da təkmilləşir”.

Son 18 ildə ölkədə 700-dən artıq xəstəxananın bərpa edildiyi və yenidən qurulduğu, səhiyyə müəssisələrinin müasir standartlar səviyyəsinə çatdırıldığı, səhiyyə sisteminin və səhiyyə xidmətlərinin təkmilləşməsi üçün mütəmadi addımlar atıldığı, hər il 5 milyondan artıq vətəndaşın dövlət hesabına tibbi müayinədən keçdiyi diqqətə çatdırılıb.

“Hazırda icbari tibbi sığorta tətbiq edilir, bunun üçün 2016-cı ildə Dövlət İcbari Tibbi Sığorta Agentliyi də yaradılıb” – deyən Milli Məclis sədri Heydər Əliyev Fondunun səhiyyə sahəsindəki layihələrindən də bəhs edib: “Fond tərəfindən şəkərli diabet, talassemiya xəstələrinin qulluq və müalicəsi, donorluq, ana və uşaq sağlamlığının qorunmasına dair bir çox layihələr həyata keçirilib”.

Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığı barədə də söhbət açılıb: “Biz 30-dan artıq ölkəyə koronavirusa qarşı mübarizə üçün humanitar və maliyyə yardımı etmişik, bir neçə ölkəyə təmənnasız şəkildə peyvənd göndərmişik”.

Son xəbərlər

Orphus sistemi