Fransa Milli Assambleyasında Azərbaycana münasibət həmişə qərəzli olub, bunun səbəbi Ermənistanla münaqişə və erməni lobbisinin fəaliyyətidir.
“Report” xəbər verir ki, bunu Fransa Milli Assambleyasının keçmiş deputatı Jerom Lamber “EU Reporter”ə müsahibəsində bildirib.
"Əlbəttə, mən tarixi vəziyyət haqqında məlumatlı idim. Lakin o zaman (deputat olarkən – red.) Fransada – Milli Assambleyada və KİV-də – Ermənistanın mövqelərini dəstəkləmək üçün siyasi proseslərə birbaşa müdaxilə edən təzyiq qruplarının mövcudluğunu təsəvvür etmirdim. Azərbaycana sadəcə maraq göstərmək bəzilərinə şübhəli görünürdü, bunu gözləmirdim və qəbul etmirdim, çünki heç bir şəkildə münaqişə tərəfi deyildim", - o bildirib.
Onun sözlərinə görə, belə düşmənçilik münasibəti Azərbaycan haqqında daha çox şey öyrənmək qətiyyətini gücləndirib. J.Lamber Azərbaycana ilk səfərini həyata keçirib və Fransa-Azərbaycan Parlamentlərarası Dostluq Qrupuna üzv olub.
"Azərbaycan dərhal mənə unikal bir ölkə kimi göründü. Keçmiş sovet imperiyasının ucqarında, İran və Ermənistanla həmsərhəd olan Azərbaycan mürəkkəb mühütə malik olan ölkədir. Əsasən müsəlman, şiə cəmiyyəti, lakin güclü dünyəvi və tolerant ruha malikdir", - sabiq parlamentari bildirib.
J.Lamber vurğulayıb ki, Cənubi Qafqazdakı vəziyyətlə daha yaxından tanış olduqdan sonra anlayıb ki, Fransanın siyasi dairələrində Azərbaycana qarşı kəskin tənqid yalnız Ermənistanla münaqişə ilə bağlıdır: “Ermənistanın havadarları Azərbaycanı fransız ictimaiyyətinin gözündə nüfuzdan salmaq üçün öz təsirlərindən istifadə ediblər”.
Siyasətçi qeyd edib ki, Azərbaycanla Ermənistan arasında münaqişənin başa çatması, işğal olunmuş ərazilərin azad edilməsi Fransadakı erməni diasporunda güclü qəzəb doğurub.
"Əsl lobbi kimi strukturlaşdırılmış erməni assosiasiyaları Fransa və Azərbaycan arasındakı yaxşı münasibətlərə zərər vermək üçün qaralama kampaniyasına başlayıblar. Fransada fəal olan erməni ultra-millətçiləri Azərbaycana qarşı düşmənçilik ritorikasını sülh prosesindən sonra daha da gücləndiriblər. Bu gün Fransada biz daim Azərbaycana və onun rəsmi şəxslərinə qarşı hücumlar və təxribatlarla üzləşirik", - o bildirib.
J.Lamber, həmçinin Bakı və İrəvan arasında sülh prosesini, xüsusilə sülh sazişi mətninin razılaşdırılmasını müsbət qiymətləndirib: "Lakin Ermənistan Konstitusiyasında Qarabağa ərazi iddialarını ehtiva edən istinad dayanıqlı sülhə gedən yolda çətinliklər yaradır. Buna baxmayaraq, indi hər şey qarşılıqlı etimada əsaslanmalıdır", - o vurğulayıb.
Keçmiş deputat bildirib ki, Azərbaycan Avropa İttifaqının (Aİ) etibarlı tərəfdaşıdır və Avropa qitəsinin sabitliyi üçün strateji əhəmiyyət daşıyır.
"Fransa və Avropa Azərbaycanla birgə işləməyə davam etməlidir. Bu ölkə, əlbəttə ki, Aİ üçün etibarlı tərəfdaşdır. Azərbaycan, sabit, müasir və mübahisəsiz iqtisadi aktivlərə malik bir ölkədir. Qeyd etmək lazımdır ki, güclü erməni diasporunun fəaliyyət göstərdiyi Fransadan fərqli olaraq, Avropadakı tərəfdaşlarımız Azərbaycana münasibətdə tamamilə balanslaşdırılmış siyasət yürüdürlər. Ümid edirəm ki, Fransa bundan nümunə götürəcək", - o yekunlaşdırıb.