Gəncə. 31 oktyabr. REPORT.AZ/ Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Nikolayeviç Boçarnikov Gəncə şəhərinə səfər edib.
"Report"un Qərb bürosunun məlumatına görə, səfir Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb.
Görüşdə Azərbaycan-Rusiya arasındakı dostluq münasibətlərindən söz açılıb, hər iki ölkənin regionları arasındakı əlaqələrin genişləndirilməsinin vacibliyinə toxunulub.
İcra başçısı Niyazi Bayramov bildirib ki, hazırda Gəncədə 2 mindən artıq rus yaşayır: "Qərb bölgəsi üzrə isə bu say 10 mindən çoxdur. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə iri sənaye müəssisələri fəaliyyət göstərir. Əsas məqsədlərdən biri xarici investorların şəhərə cəlb edilməsidir ki, bu istiqamətdə də rusiyalı sərmayədarlara hər cür şərait yaradıla bilər".
M.Boçarnikov bildirib ki, 4 aydan artıqdır Azərbaycandadır və onun regionlara olan ilk səfəri məhz Gəncə şəhərindən başlayıb: “Bu gün bizim qarşımızda duran əsas vəzifə ölkələrimiz arasındakı əlaqələri daha da genişləndirməkdir. Bura həm iqtisadi, həm də mədəni əlaqələr daxildir. Bizim əsas hədəflərimizdən biri regionlar arasında olan ticarət əlaqələrini daha da genişləndirməkdir. Mən düşünürəm ki, bizim ikitərəfli münasibətlərdə Gəncə önəmli rola malikdir”, - deyə səfir bildirib.
Görüşdən sonra səfir M.Boçarnikov bir sıra sənaye müəssisələri və mədəniyyət ocaqlarında olub.