Bakı. 28 sentyabr. REPORT.AZ/ "Rusiya ilə Azərbaycan münasibətlərini qarşılıqlı sərfəli əməkdaşlıq əsasında qurur".
“Report” xəbər verir ki, bunu IX Azərbaycan – Rusiya Regionlararası Forumun yekun mətbuat konfransında Moskva Dövlət Beynəlxalq Münasibətləri Universitetinin nəzdindəki Beynəlxalq Araşdırmalar İnstitutunun Qlobal Problemlər Mərkəzinin baş elmi işçisi Aleksey Tokarev bildirib.
“Ölkələrimiz arasındakı əməkdaşlıq bir neçə əsas amilə əsaslanır. Bunlar coğrafiya, tarix və iqtisadiyyatdır. Strateji ortaqlığımız regiondakı müxtəlif proseslərdən, o cümlədən Ermənistanda son siyasi dəyişikliklərdən asılı deyil. Rusiya bu münasibətlərdə tarazlığı saxlamağa çalışır, bu da çox çətinliklə başa gəlir”, – ekspert deyib.
Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutundakı Postsovet Araşdırmalar Mərkəzinin baş elmi işçisi Andrey Deviatkovun fikrincə isə Rusiya – Azərbaycan münasibətləri bərabər dialoq əsasında inkişaf etdirilir: “Bu əməkdaşlıq və ortaqlıq prezidentlər tərəfindən həyata keçirilir. Bunu imzalanan son sənədlər də göstərir. Məsələn, imzalanan Xəzər Konvensiyası regionda icra olunan layihələrə İranı da daha çox cəlb etməyə yönəlib".
Onun sözlərinə görə, Rusiya ilə Azərbaycanın regiondakı əməkdaşlığı baxımından İran mühüm əhəmiyyətə malikdir.
Ekspert həmçinin nəqliyyatın əməkdaşlığın mühüm sahəsi olduğunu, o cümlədən Şimal – Cənub beynəlxalq dəhlizin bütün region qarşısında yeni imkanlar açdığını diqqətə çatdırıb.
“Azərbaycan da, Rusiya da Xəzər regionunda sülhün qorunmasında maraqlıdır. Azərbaycan isə çox nadir geosiyasi mövqeyi səbəbindən münasibətlərini geniş şaxələndirmək imkanı qazanır”, – rusiyalı ekspert vurğulayıb.