Rusiyalı ekspert: "Azərbaycanın Çinə ixracatı artırmaq imkanları var" - MÜSAHİBƏ

Rusiyalı ekspert: "Azərbaycanın Çinə ixracatı artırmaq imkanları var" - MÜSAHİBƏ “Report”un Rusiya bürosuna verdiyi müsahibədə ekspert, Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksander Karavayev cari iqtisadi böhran və onun Azərbaycan ilə Rusiyanın iqtisadi münasibətlərinə təsiri, iqtisadiyyatı dirçəltməyin yolları barədə söhbət açıb.
Xarici siyasət
8 May , 2020 18:25

“Report”un Rusiya bürosuna verdiyi müsahibədə ekspert, Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksander Karavayev cari iqtisadi böhran və onun Azərbaycan ilə Rusiyanın iqtisadi münasibətlərinə təsiri, iqtisadiyyatı dirçəltməyin yolları barədə söhbət açıb.

Dünya iqtisadiyyatındakı mövcud vəziyyəti necə dəyərləndirərdiniz? Hazırkı böhran nə dərəcədə dərindir?

Dünyanın sosial iqtisadi həyatındakı bu ətalət əsas etibarilə koronavirusun yayılması ilə bağlı konkret epidemioloji vəziyyətdən irəli gəlir. Qərb dünyasının əksər ölkələri və Çin bu tip tədbirləri kənara qoyub ticarət və sənayeni fəallaşdırmaq üçün daha sərbəst rejim tətbiq etsələr, məncə, bu ilin üçüncü rübünün sonuna yaxın vəziyyət düzəlməyə başlayar. Bu, heç də ilin sonuna qədər böhranı dəf edəcəyəyimiz demək deyil, sadəcə Çinin əsas sənaye klasterləri, Avropanın əsas ticarət platformları bir qədər dirçələrək daha çox məhsul istehsalına başlayacaq. Əslində qarşılaşdığımız problem daha çox istehlak tələbatının azalması ilə bağlıdır. Bu vəziyyətdən hər ölkə bir cür çıxacaq. Qərb ölkələri fiziki şəxslərə, kiçik və orta sahibkarlara ödəmələri mümkün qədər artırmaq, vergiləri azaltmaq yolunu tutdular. Bəlkə də, bunun müsbət təsiri oldu. Rusiya və Azərbaycan olaraq bizim bu böhrandan nə qədər səmərəli çıxa biləcəyimiz isə daha sonra bilinəcək. Əvvəlcə nə qədər dərinə batdığımızı, iki rübün yekununda nə edə biləcəyimizi öyrənməliyik. Birinci rüb səciyyəvi sayıla bilməz.

Ekspertlərə inansaq, böhrandan sonra əvvəlki iqtisadiyyat artıq olmayacaq. Bəs nə olacaq?

Elə əvvəlki iqtisadiyyat olacaq, sadəcə viranə şəklində. Müxtəlif ölkələr, müxtəlif iqtisadi sahələr müxtəlif dərəcədə tənəzzüllə üzləşəcək. İqtisadi həyatın yeni cəhətlərini əmələ gətirəcək rəqəmli ticarət, nağdsız ödəmələr və s. kimi meyllər artıq çoxdandır ətrafımızda mövcuddur, artıq onlara öyrəşmişik. Təbii ki, bunlar daha da inkişaf edəcək. Bütövlükdə, çox güman ki, pandemiyadan əvvəlki iqtisadiyyat qarşımıza çıxacaq. İlk növbədə, neft amili. Avropa İttifaqı ölkələri və ABŞ-da enerji istehlakının 50-60 faizi neft və qaza bağlıdır və biz neft və qazdan yaxamızı qurtara bilmərik.

Bəs Rusiya ilə Azərbaycanın ikitərəfli iqtisadi əlaqələrinə pandemiyanın təsiri barədə nələr deyərdiniz? İqtisadiyyatın hansı sahələrini inkişaf etdirməliyik?

Əvvəla, Azərbaycan daha çox daxili bazarına diqqət yetirməlidir. İxracat yaxşı şeydir, lakin xarici bazarlar çox dəyişkən olur, daxili bazar isə öz əlinizdədir. Daxili bazarı müxtəlif kreditlər vasitəsilə tənzimləmək mümkündür. Bununla da hökumət ölkədəki iqtisadi prosesləri tənzimləyə bilər. Daxili tələbat inkişaf etdirilməli, məhsulun qalan hissəsi də ixraca yönəldilməlidir. Eyni zamanda daha əvvəl oturuşmuş ixrac yönümlü sahələr daha da inkişaf etdirilməlidir. Elə etmək lazımdır ki, neft-qaz və qeyri-xammal ixracatı arasında vaxtilə 15/2 həddində olmuş nisbət sonuncunun xeyrinə dəyişsin, ölkənin ixracatında və xarici bazarlarda əldə etdiyi mənfəətdə qeyri-xammal ixracatın payı artsın. Əlbəttə, hazırkı vəziyyətdə bu daha çətin məsələdir. Amma ərzaq bazarlarındakı təbəddülatları və Azərbaycanın artıq malik olduğu üstünlükləri nəzərə alsaq, yeni bazarlarda bərqərar olmaq asanlaşacaq. Məsələn, Çinlə bağlı 2015-ci ildə mühüm addımlar atılmışdı. Şərabdan tutmuş kənd məhsullarının emalınadək ən müxtəlif məhsul qruplarının ixracı daha çox Çinə doğru istiqamətləndirilməlidir. Həmçinin Rusiya yönündə çox əhəmiyyətli olan mövcud ixracatı saxlamaq üçün Azərbaycan rusiyalı tərəfdaşları ilə qarşılıqlı təmaslarını davam etdirməlidir. Hərçənd Rusiya hazırda idxalatı yerli məhsullarla əvəzləmək sahəsində xeyli işlər görərək dövlət satınalmaları seqmentinə girişləri məhdudlaşdırmağa çalışır. İndi yalnız yerli, bir də Avrasiya İqtisadi Birliyi ölkələrindən olan istehsalçılar dövlət satınalmalarında iştirak edə bilir.

Son xəbərlər

Orphus sistemi