Dmitri Savelyev: "Başlıca məsələlərdə Azərbaycanla mövqelərimiz üst-üstə düşür"

Dmitri Savelyev: "Başlıca məsələlərdə Azərbaycanla mövqelərimiz üst-üstə düşür" "Prezident İlham Əliyev müdrik diplomat və istedadlı sərkərdə kimi adını ölkəsinin tarixinə yazdırdı"
Xarici siyasət
8 Aprel , 2021 17:56
Dmitri Savelyev: Başlıca məsələlərdə Azərbaycanla mövqelərimiz üst-üstə düşür
Dmitri Savelyev

Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev “Report”un Rusiya bürosuna müsahibə verib:

- Aprelin 4-də Azərbaycanla Rusiya arasında diplomatik münasibətlər qurulmasının 29 il tamam oldu. Ötən dövr ərzində ölkələrimiz arasında münasibətləri necə dəyərləndirərdiniz?

- Azərbaycan müstəqillik əldə etməsindən sonra aramızda diplomatik münasibətlər çox tez quruldu. Bir neçə aydan sonra Rusiya xarici işlər naziri Andrey Kozırev Bakıya getdi, ölkələrimiz arasında onlarla əməkdaşlıq sazişinin imzalanması razılaşdırıldı. Diplomatik münasibətlərin qurulmasından sonrakı dövrdə bütövlükdə 300-dən artıq dövlətlərarası sənəd imzalanıb. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra daha möhkəm əlaqələr qurulmağa başladı. O, keçmiş müttəfiq respublikalar arasında çoxdandır yaranmış hərtərəfli iqtisadi, mədəni, sırf insani münasibətləri birdən-birə qırmağın yolverilməz olduğunu vurğulamışdı. 1997-ci ildə Heydər Əliyevin Azərbaycan Prezidenti qismində Rusiyaya ilk rəsmi səfəri zamanı iki ölkə arasında imzalanmış Dostluq, Əməkdaşlıq, Təhlükəsizlik Müqaviləsi ölkələrimiz arasında münasibətlərin inkişafına güclü təkan verdi. Məhz o zaman tərəflər aralarındakı əlaqələri daha yüksək strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq niyyətində olduqlarını bildirdilər. Sonrakı illərdə ölkələrimiz arasındakı münasibətlərin sürətlə inkişaf etdiyini söyləmək olar.

- Bəs Rusiya-Azərbaycan münasibətlərinin cari vəziyyətini necə səciyyələndirərdiniz?

- Ümummilli lider Heydər Əliyev Rusiya-Azərbaycan münasibətlərini yenidən quraraq keyfiyyətcə yeni mərhələyə qaldırdı, İlham Əliyevin isə Azərbaycanın rəhbərliyinə gəlib böyük atasının siyasətini davam etdirməsilə ölkələrimizin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldi. Hazırda iqtisadiyyatdan tutmuş humanitar təmaslaradək əməkdaşlığımızın bütün sahələri sürətlə inkişaf edir. Tərəfdaşlığımız qarşılıqlı hörmət və faydalı əməkdaşlığa söykənir. Belə ki, Azərbaycan Rusiyanın Avrasiya İqtisadi Birliyinə daxil olmayan MDB ölkələri arasında Rusiyanın başlıca ticarət tərəfdaşıdır. 2018-ci ildə ölkələrimiz arasında imzalanmış ticarət sazişinin 6 yol xəritəsi iqtisadi-ticarət əməkdaşlığımızın təməlini təşkil edir. Rusiya ilə Azərbaycanın bütün mühüm məsələlərdəki mövqeləri üst-üstə düşür, hərtərəfli siyasi dialoq da qarşılıqlı hörmət ab-havasını yaradır. Məncə, bunda iki ölkə liderləri arasındakı dostluq münasibətlərinin əhəmiyyətli rolu var. Vladimir Putin ilə İlham Əliyev arasında prezident olduqları dövrdə müxtəlif formatlarda yüzdən artıq görüş keçiriblər ki, bu da daim ikitərəfli münasibətlərin nəbzini tutmağa, lazımi dəyişikliklər etməyə imkan yaradır.

- Ötən il xeyli mürəkkəb keçsə də, ölkələrimiz arasında münasibətlər baxımdan çox zəngin oldu. 2020-ci ildə ikitərəfli münasibətlərimizin inkişafında hansı nəticələr əldə edilib?

- Doğrudan da, pandemiya və fəsadları üzündən yaranan çətinliklər həyatımıza çox təsir etdi. Lakin çətin vaxtlarda bir-birimizə həqiqi kömək edərək təmaslarımızı onlayn formatda da olsa, dolğun şəkildə davam etməklə həmin sınaqlardan üzüağ çıxdıq. Rusiyalı təbiblər azərbaycanlı həmkarlarına pandemiyaya qarşı kömək üçün dəfələrlə Azərbaycana getdilər, həmçinin 12 min tədqiqat üçün 120 test dəsti də Azərbaycana göndərildi. Peyvəndləmə zərurəti ortaya çıxanda isə “Sputnik V” dərmanının Azərbaycana tədarükünü təklif etdik, həm də Rusiyanın “R-Pharm” şirkəti bu dərmanı Azərbaycanda da istehsal etməyə hazırdır.

Daha əlamətdar məqam Qarabağdakı hərbi münaqişənin dayandırılması oldu. Prezident Vladimir Putin bunu 2020-ci ildəki ən mühüm hadisə olaraq dəyərləndirdi. Azərbaycan qələbə çalaraq ərazi bütövlüyünü bərpa etdi, Prezident İlham Əliyev isə müdrik diplomat və istedadlı sərkərdə kimi ölkəsinin tarixinə adını yazdırdı. Bu gün bizim ölkə vasitəçi olaraq nəqliyyat yollarını açmaq, sülh prosesini davamlı etmək üçün əlindən gələni edir. Bütün bu nəticələri ölkələrimiz arasındakı strateji tərəfdaşlığın təzahürü hesab edirəm, çünki göstərilən yardımlar regionda dayanıqlı sabitliyin əldə edilməsinə yönəlib.

- Azərbaycan, Ermənistan, Rusiya liderlərinin üçtərəfli bəyanatlarının icrasını necə dəyərləndirirsiniz? Azərbaycan və Ermənistan tərəfindən bütün məsələləri həll edib sülh yoluna davam etmək səyləri varmı?

- Pandemiyanın dünya iqtisadiyyatına bu qədər ziyan yetirdiyi bir vaxtda iqtisadi layihələri birgə həyata keçirməyimiz müstəsna əhəmiyyət daşıyır. Qarabağa dair bu, nəqliyyat infrastrukturunun bərpası və inkişaf etdirilməsi deməkdir. Azərbaycan bu istiqamətdə artıq qızğın işlər görür. Çünki yüklərin və insanların sərbəst gediş-gəlişi bir neçə ölkəni vahid nəqliyyat şəbəkədə birləşdirərək görünməmiş inkişaf imkanları yaradacaq. Odur ki, gələcək üçün çalışan hər kəslə çalışmağa hazır olan Azərbaycan Ermənistana da əməkdaşlıq üçün əlini uzadır.

Əlbəttə, indi bunu etmək çətindir, amma fikrimcə, Ermənistan tərəfi də qurucu əməkdaşlığın nə qədər vacib olduğunu dərk edir. Bunun əyani addımlara çevrilib-çevrilməyəcəyini tezliklə görəcəyik. Ermənistanda iyun ayında keçiriləcək parlament seçkilərindən də çox şey asılıdır. Lakin erməni xalqının artıq müharibədən, sarsıntılardan yorulduğu göz qabağındadır. Rusiyanın sülhməramlıları isə regionda dinc gələcək qurulması üçün hərtərəfli dəstəyini göstərəcək.

Son xəbərlər

Orphus sistemi