Rusiyalı deputat: "Azərbaycan COVID-19-a qarşı vaxtında tədbirlər gördü" - MÜSAHİBƏ

Rusiyalı deputat: "Azərbaycan COVID-19-a qarşı vaxtında tədbirlər gördü" - MÜSAHİBƏ
Xarici siyasət
426
30 Aprel , 2020 14:19
Rusiyalı deputat: Azərbaycan COVID-19-a qarşı vaxtında tədbirlər gördü - MÜSAHİBƏ

Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası, həmvətənlərlə əlaqələr komitəsinin üzvü İrak Zinnurov “Report”un Rusiya bürosuna verdiyi eksklüziv müsahibəsində koronavirusla mübarizə sahəsində Azərbaycanla Rusiyanın əməkdaşlığı, iki ölkənin deputatları arasındakı yaxın əlaqələr, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ikitərəfli sazişin imzalanması kimi məsələlərdən söhbət açıb.

- COVID-19 virusuna qarşı Azərbaycanla Rusiya arasındakı əməkdaşlıq barədə nə fikirdəsiniz?

- Koronavirusun yayılmasına qarşı Rusiya ilə Azərbaycan yaxından əməkdaşlıq edir və əlaqəli şəkildə fəaliyyət göstərirlər. Rusiya Azərbaycana virusun müayinəsi üçün test dəstləri göndərib. Rusiyada olan Azərbaycan vətəndaşlarının, Azərbaycanda olan Rusiya vətəndaşlarının geri qaytarılması istiqamətində hər iki tərəfdən xeyli işlər görülür.

- Azərbaycanda yoluxan və ölən sayı bir çox ölkələrlə müqayisədə azdır. Bu fakt hökumət tərəfindən görülən tədbirlərin səmərəli olmasına dəlalətdirmi?

- Azərbaycan hökuməti tərəfindən koronavirusun yayılmasına qarşı vaxtında görülmüş çevik tədbirlər sayəsində istər yoluxma hallarının, istərsə də ölənlərin sayı az oldu.

- Pandemiya başa çatandan sonra Azərbaycan və Rusiya parlamentləri arasında əməkdaşlıq sazişi imzalanacağı bildirilib. İki ölkənin parlamentləri arasındakı əlaqələrin inkişafı barədə nələr deyə bilərsiniz?

- Ötən il ərzində və bu ilin də əvvəlindən iki ölkə parlamentləri arasında sazişin imzalanması üçün mühüm işlər görülüb. Əvvəlcə Sankt-Peterburq şəhərində nəzərdə tutulmuş imzalanma mərasimi Milli Məclisə erkən seçkilərlə bağlı təxirə salındı. Yeri gəlmişkən, hazırlıq müddətinin qısa olmasına baxmayaraq, seçkilər yüksək səviyyədə keçirildi. Pandemiya başa çatan kimi sazişin imzalanmasına hazırlıq işlərinin davam edəcəyinə və ən qısa zamanda imzalanacağına şübhə etmirəm. Hazırda həm Dövlət Dumasında, həm də Milli Məclisdə qarşılıqlı dostluq qruplarımız səmərəli fəaliyyət göstərir, yaxından əməkdaşlıq edirik.

- Bu il hansı tədbirlər nəzərdə tutulur? Qarşılıqlı səfərlər gözləmək olarmı?

- Bizim Dövlət Dumasındakı MDB, Avrasiya inteqrasiyası və həmvətənlərləı əlaqələr komitəsi çərçivəsində mütəmadi olaraq Azərbaycanda səyyar iclaslar keçiririk. Biz də bu ilin iyun ayına nəzərdə tutulmuş, lakin koronavirusa görə təxirə salınmış Kazan İqtisadi Forumuna azərbaycanlı deputatları da dəvət etməyi düşünürdük. Kütləvi tədbirlərlə bağlı məhdudiyyətlər aradan qalxan kimi bu forumu mütləq keçirəcək və azərbaycanlı deputatları Kazanda gözləyəcəyik.

- Bu yaxınlarda Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi mərhələli şəkildə həll olunmalı, ilk mərhələdə də ətraf ərazilər qaytarılmalıdır. Bu barədə nə deyə bilərsiniz?

- Rusiya daim bu münaqişənin dinc yolla, mərhələli şəkildə həllinə tərəfdar çıxır. Düşünürəm ki, hər iki tərəf qarşılıqlı razılığa gəlməlidir.