Bakı. 8 iyun. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib
XİN-dən "Report"a verilən məlumata görə, görüşdə səfir Mixail Boçarnikov etimadnəməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
Nazir səfiri təyinatı münasibətilə təbrik edib və ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.
M.Boçarnikov Azərbaycana təyin olunmasından şad olduğunu və fəaliyyəti dövründə iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
Görüş zamanı Azərbaycan və Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində inkişafından məmnunluq ifadə olunub. Siyasi, iqtisadi-ticarət, mədəni-humanitar və digər sahələrdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. İkitərəfli əməkdaşlığın inkişafında regionlararası əməkdaşlığın xüsusi rol oynadığı qeyd olunub.
Söhbət əsnasında həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xəzər dənizinin hüquqi statusu və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.