Xəzərətrafı regionun vahid iqtisadi, təhsil-humanitar, informasiya məkanı kimi inkişafı üçün müvafiq strategiya hazırlanmalıdır.
“Report” xəbər verir ki, bunu Rusiya Prezidentinin Cənub federal dairəsindəki səlahiyyətli nümayəndəsi Vladimir Ustinov Həştərxan şəhərində keçirilən VI Xəzər Media Forumunda bildirib.
“20 illik razılaşdırmalardan sonra üç il bundan əvvəl Aktau şəhərində Xəzərin hüquqi statusuna dair konvensiya imzalandı. Bu sənəd Xəzər dənizinin gələcəyi üçün sahil ölkələrinin müstəsna məsuliyyət daşıdığını təsdiqləyir. Xəzərətrafı ölkələr arasında iqtisadi, hərbi, ekoloji sahələrdəki əməkdaşlığın şərtləri təsbit olundu. Əməkdaşlığın perspektivli sahələrindən biri də turizmdir”, – deyən Rusiya rəsmisi qeyd edib ki, Xəzər sahilindəki istirahət mərkəzləri hər il bir milyondan artıq turist qəbul etmək iqtidarındadır.
Rusiya rəsmisinin fikrincə, Xəzərətrafı ölkələr regionda hər kəsin mənafeyini nəzərə alan vahid təhlükəsizlik sistemi qurmalıdır: “Bu ölkələrin regional təhlükəsizlik üçün nə qədər məsuliyyət olduğunu gözəl dərk edirik. Belə ki, qonşuluqda Yaxın Şərq və Əfqanıstan kimi münaqişə ocaqları yerləşir. Odur ki, xalqlarımızın təıhlükəsizliyi naminə yaxından əməkdaşlıq etməliyik”.
Qeyd edək ki, VI Xəzər Media Forumunda Azərbaycan, İran, Qazaxıstan, Rusiya Federasiyası, Türkmənistan, habelə Özbəkistandan 300 nəfərdən artıq media nümayəndəsi, politoloq, ekspert iştirak edib. Bu dəfəki forumun gündəliyində media məkanında milli-mədəni əlaqələr, ekoloji və etnomədəni turizm məsələləri olub.