Bakı. 5 dekabr. REPORT.AZ/ Rusiya-Azərbaycan-İran parlamentləri səviyyəsində üçtərəfli formatın yaradılması təklif olunur.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, belə bir təkliflə Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr üzrə komitəsinin rəhbəri Leonid Slutskiy çıxış edib.
Onun sözlərinə görə, bu yolla aktual məsələləri müzakirə etmək mümkündür: "Dəmir yolu, elektrik enerjisi və yanacaq sektorunda (neft və qaz nəzərdə tutulur) əməkdaşlıq Rusiya, Azərbaycan və İran prezidentinin bir neçə ildir işlədiyi "Şimal-Cənub" vertikalıdır... Əminəm ki, Milli Məclisin sədri Oqtay Əsədovun iştirakı ilə bu format haqqında düşünə bilərik. Bütün bunlar bizim üçün çox maraqlıdır".
Qeyd edək ki, Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr üzrə komitəsi bu gün İran İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət üzrə komissiyası ilə birgə iclas keçirir.