Rumıniyada Azərbaycanın Müstəqillik Günü qeyd olunub, sərgi təşkil edilib

Rumıniyada Azərbaycanın Müstəqillik Günü qeyd olunub, sərgi təşkil edilib Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycan səfirliyinin təşkilatçılığı ilə 28 may - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib, sərgi təşkil edilib.
Xarici siyasət
31 May , 2024 09:42
Rumıniyada Azərbaycanın Müstəqillik Günü qeyd olunub, sərgi təşkil edilib

Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycan səfirliyinin təşkilatçılığı ilə 28 may - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib, sərgi təşkil edilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, mərasimdə Rumıniyanın dövlət xadimləri, hökumət nümayəndələri, deputatları, ictimai-siyasi xadimləri, bu ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, elm və mədəniyyət nümayəndələri, yerli KİV rəhbərləri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, eləcə də həmvətənlər iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan və Rumıniyanın Dövlət himnləri səsləndirilib.

Daha sonra səfir Qüdsi Osmanov çıxış edərək 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən söz açıb, XX əsrin sonunda xalqın müstəqilliyinə yenidən qovuşandan sonra ağır illərini xatırladıb və çətin siyasi-iqtisadi dövrdə xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyin qorunmasında misilsiz xidmətlərindən danışıb. O, Azərbaycanda dünya miqyaslı siyasi, mədəni, idman sahələrində tədbirlərin keçirildiyini qeyd edib, bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsinin planlaşdırılmasını ölkəyə dünya ictimaiyyətinin etibarlığının bariz göstəricisi adlandırıb. Diplomat Rumıniyanın Azərbaycan tərəfindən irəli sürülən bütün beynəlxalq və regional layihələrə, təşəbbüslərə dəstək göstərdiyini, iki ölkə arasında münasibətlərin qarşılıqlı dostluq və strateji əməkdaşlıq əsnasında davam etdiyini vurğulayıb. Səfir həmçinin cari il iyunun 3-dən Bakı ilə Buxarest arasında "Azərbaycan Hava Yolları" QSC tərəfindən həyata keçiriləcək birbaşa aviareyslərin xalqların birbaşa təması üçün zəmin yaratdığını qeyd edib.

Rumıniyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Ana Kristina Tinka çıxışında Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib, rəsmi Buxarestin Cənubi Qafqazda davamlı sabitlik, inkişaf və firavanlıqda maraqlı olduğunu qeyd edib. O, Azərbaycanın regionda mühüm rolunu vurğulayaraq rəsmi Bakı ilə Aİ arasında davamlı, harmonik və balanslı dialoqun inkişafının Rumıniya tərəfindən dəstəkləndiyini bildirib. Bunun qarşılıqlı maraq doğuran miqyaslı layilərin təşviqi, eləcə də ortaq dəyərləri həyata keçirmək üçün vacib məsələ adlandırıb.

Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev çıxışında Cənubi Qafqazda ölkəsinin təşəbbüskarı olduğu irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrindən danışıb. O, Azərbaycanı Aİ-nin güclü tərəfdaşı adlandırıb, bu xüsusda Rumıniya ilə münasibətlərin qarşılıqlı fayda, dostluq və strateji tərəfdaşlıq əsnasında qurulduğunu qeyd edib. Azərbaycanlı deputat həmçinin Azərbaycan ilə Rumıniya arasında parlamentlərarası əlaqələrə toxunaraq keçən ilin oktyabrında Milli Məclisin sədri Sahibə Qafarovanın bu ölkəyə rəsmi səfərini xatırladıb.

Daha sonra tədbirdə Rumıniya opera ifaçısı, bir çox beynəlxalq müsabiqələrin iştirakçısı Ana-Mariya Lungunun ifasında Rumıniya və Azərbaycan musiqilərindən ibarət əsərlər səsləndirilib.

Tədbir çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərini, ölkənin inkişafını əks etdirən, eləcə də Rumıniya-Azərbaycan münasibətlərinə həsr edilmiş fotolardan ibarət sərgi təşkil edilib. Sərgini izləyənlərə səfir və əməkdaşlar tərəfindən izahlı məlumat verilib.

Sonda ziyafət zamanı qonaqlara Azərbaycan milli mətbəxinə məxsus təamlar təqdim edilib.

Son xəbərlər

Orphus sistemi