Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare iki ölkə arasında əlaqələrin inkişaf etdiyini və daim genişləndiyini bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Report"a verilən məlumata görə, bu barədə səfir Azərbaycan və Rumıniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirdə bildirib.
Tədbirdə ölkəmizdə səfərdə olan Rumıniyanın energetika naziri, Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Rumıniya tərəfindən həmsədri Vircil-Daniel Popeskunun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev ötən 30 illik dövrdə Azərbaycan-Rumıniya əlaqələrinin daim inkişaf etdiyini və iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb.
2009-cu ildə Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığın yaradılmasına dair imzalanmış Birgə Bəyannamənin, 2011-ci ildə Strateji tərəfdaşlığın həyata keçirilməsi üçün imzalanmış Birgə Fəaliyyət Planının əlaqələrin inkişafında xüsusi rolunu qeyd edib.
S.Babayev ötən dövrdə Azərbaycan və Rumıniya arasında ümumilikdə 61 sənəd imzalandığını, bir sıra əməkdaşlıq sənədlərinin layihələrinin də hazırlanaraq baxılmaqda olduğunu deyib.
Nazir iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməkdə davam etdiyini, 2021-ci ildə Azərbaycanın Rumıniya ilə ticarət dövriyyəsində 31,3%, bu ilin yanvar-aprel aylarında isə 2,77 dəfə artım olduğunu bildirib.
O, enerji və nəqliyyat kimi strateji sahələrdə ikitərəfli əməkdaşlığın intensivləşdirilməsi və şaxələndirilməsinin qarşıdakı dövrdə ölkələrimiz arasında münasibətlərin mühüm istiqamətini təşkil edəcəyini vurğulayıb.
İqtisadi münasibətlərin inkişafında Hökumətlərarası Müştərək Komissiyanın xüsusi əhəmiyyətini qeyd edən S.Babayev Komissiyanın iyunun 23-də keçiriləcək növbəti iclasının da bu məqsədə xidmət edəcəyini diqqətə çatdırıb.
Nazir ölkələrimiz arasında mövcud olan davamlı dostluq və əməkdaşlıq əlaqələrinin birgə səylər nəticəsində bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soare iki ölkə arasında əlaqələrin inkişafından və daim genişlənməkdə olmasından bəhs edib.
Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən tədbirin sonunda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri tərəfindən Azərbaycan və Rumıniya bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunub.