Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar Azərbaycanın diplomatik təmasları intensivləşib.
"Report" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib.
Qeyd edilib ki, İsrail-Fələstin münaqişə zonasında baş verən hadisələrlə bağlı bir sıra yüksək səviyyəli tədbirlərdə Azərbaycan təmsil olunub, bu münaqişəsi ilə bağlı rəsmi Bakının mövqeyi diqqətə çatdırılıb.
Bildirilib ki, Suriyada Bəşər Əl-Əsəd rejiminin çökməsindən sonra ölkədə sülhün və sabitliyin bərpa olunması və vətəndaş qarşıdurmasına son qoyulması istiqamətində çağırış edilib.
"Azərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini ifadə edib və Suriya xalqının iradəsinə uyğun şəkildə, habelə ölkədaxili siyasi dialoq vasitəsilə məsələlərin həllini tapacağına ümidvar olduğunu bildirib. Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazır olduğumuz diqqətə çatdırılıb", - məlumatda vurğulanıb.