Rusiya-Ukrayna müharibəsi təkcə regional deyil, qlobal təsirlərini də göstərdi.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rasim Musabəyov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikası Milli Məclisində çıxışının müzakirəsi: Müstəqil və prinsipial xarici siyasət” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
O qeyd edib ki, müharibədən qazanclı tərəflər olsa da, uduzan tərəf Avropa oldu: "Azərbaycan geosiyasətin əsas oyunçusuna çevrilib. Ermənistan Rusiya ilə məsafə saxlayaraq Qərbə meyl edir. Mərkəzi Asiya dövlətləri isə daha çoxşaxəli siyasət yürütməyə can atır. Bütün bunlar Azərbaycan üçün imkanlar vəd edir. Lakin üç Cənubi Qafqaz ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistan arasında koordinasiya demək olar, yoxdur".
Deputatın sözlərinə görə, hər bir xarici siyasətin əsası balanslaşmanın formalaşdırılması olmalıdır: "Azərbaycan regional balansı formalaşdıra bilir və imkanlardan yaxşı istifadə edir. Rəsmi Bakı xarici siyasətdə Cənubi Qafqaz, Xəzər və Mərkəzi Asiya regionunu əhatə etməyə çalışır. Xatırladaq ki, Qazaxıstanla birlikdə hərbi təlimlər keçirildi və Özbəkistanla da eyni tədbir nəzərdə tutulur".