Ramil Usubov Əfqanıstanın Təhlükəsizlik Şurasının katibini qəbul edib

Ramil Usubov Əfqanıstanın Təhlükəsizlik Şurasının katibini qəbul edib Görüşdə Əfqanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalili də iştirak edib
Xarici siyasət
30 May , 2016 18:00
Ramil Usubov Əfqanıstanın Təhlükəsizlik Şurasının katibini qəbul edib

Bakı. 30 may. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycanda səfərdə olan Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmərindən "Report"a verilən məlumata görə, nazir ortaq tarixi dəyərləri və ənənələri bölüşən xalqlar arasında münasibətlərin dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb və bu səfərin əməkdaşlığı daha da genişləndirəcəyinə əminliyini bildirib.

Daha sonra R.Usubov DİN-in funksional vəzifələri və fəaliyyət istiqamətləri, müstəqilliyin ilk illərində Azərbaycanda mövcud olan ictimai-siyasi vəziyyət barədə qısa məlumat verib. Qeyd olunub ki, yalnız Heydər Əliyevin xalqın tələbi ilə ali hakimiyyətə qayıdışından sonra onun rəhbərliyi altında görülən qətiyyətli tədbirlərlə bütün sahələrdə köklü islahatlar həyata keçirilib, sabitlik, əmin-amanlıq bərpa edilib, əməliyyat şəraiti tam nəzarətə götürülüb. Nəticədə xarici sərmayənin Azərbaycana axını üçün münbit şərait yaradılıb.

İki ölkənin daxili işlər orqanları arasında birbaşa əlaqələr qurulmasının vacibliyini vurğulayan nazir bu məqsədlə "Təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş" layihəsinin hazırlanaraq qarşı tərəfə göndərildiyini xatırladıb, rəhbərlik etdiyi qurumun ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.

O da qeyd olunub ki, Azərbaycan Əfqanıstanın təhlükəsizlik məsələsində əsas tərəfdaşlardan biridir və antiterror koalisiyasının üzvü kimi bu ölkədə təhlükəsizliyin təmin edilməsinə öz töhvəsini verir.

Daxili işlər naziri problemlərə toxunarkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiyanın diqqət mərkəzində dayandığını, bu növ cinayətlərə qarşı yalnız birgə səylərlə mübarizə aparılmasının mümkünlüyünü nəzərə çatdırıb.

Mohammad Xanif Atmar isə Azərbaycan Prezidenti İlham Əliyevin islam ölkələri birliyindəki rolunu xüsusi qeyd edib və Azərbaycanda daxili sabitliyin qorunmasında əldə olunmuş uğurlara görə Ramil Usubovu təbrik edərək, daxili işlər naziri işləmiş bir şəxs kimi belə nailiyyəti əldə etməyin çətinliyini vurğulayıb.

Əfqanıstan İslam Respublikasının hər zaman Azərbaycanla həmrəyliyə sadiq qalacağını deyən Təhlükəsizlik Şurasının katibi transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin yalnız regional və qlobal əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin mümkünlüyünü təsdiq edib. Eyni zamanda, adıçəkilən saziş layihəsinin imzalanması üçün müvafiq tapşırıq veriləcəyi qeyd olunub.

Görüşdə Əfqanıstan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalili də iştirak edib.

Son xəbərlər

Orphus sistemi