Ramil Usubov BƏƏ-nin Azərbaycandakı səfirini qəbul edib

Ramil Usubov BƏƏ-nin Azərbaycandakı səfirini qəbul edib Nazir bu görüşün birgə işbirliyinin daha da genişlənməsinə xidmət edəcəyinə əmilnliyini vurğulayıb
Xarici siyasət
17 Mart , 2017 18:07
Ramil Usubov BƏƏ-nin Azərbaycandakı səfirini qəbul edib
DİN Mətbuat Xidməti

Bakı. 17 mart. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Mohamed Hamel Alqubaisini qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, R.Usubov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu, beynəlxalq təşkilatlarda hər zaman Azərbaycanı dəstəklədiyini qeyd edərək iki ölkə başçıları arasında şəxsi dostluq münasibətlərinin, qarşılıqlı səfərlərin, ən yüksək səviyyədə imzalanan sənədlərin əməkdaşlığın daha da dərinləşməsinə təkan verdiyini, xüsusən son illər bu əlaqələrin dinamik şəkildə, uğurla inkişaf etdiyini bildirib.

Daha sonra DİN-in funksional vəzifələri və fəaliyyət istiqamətləri, müstəqilliyin ilk illərində ölkədə hökm sürən gərgin ictimai-siyasi və kriminogen durum, ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra həyata keçirilən islahatlar, sabitlik və əmin-amanlığın bərpa edilməsi, xarici investorların ölkə iqtisadiyyatına sərmayə qoymaları üçün normal şəraitin yaradılması barədə məlumat verilib.

2007-ci ilin sonlarında Birləşmiş Ərəb Əmirliklərinə səfərini, azərbaycanlı mütəxəssislərin Dubay şəhərində fəaliyyət göstərən "Təhlükəsiz şəhər" sisteminin işi və funksiyaları ilə yaxından tanış olduqlarını məmnunluqla xatırladan nazir artıq 2009-cu ildən eyniadlı texnoloji yeniliyin əməliyyat-xidməti fəaliyyətdə uğurla tətbiq edildiyini, iki ölkənin müvafiq strukturları arasında əlaqələrin inkişafında, cinayətkarlıqla, xüsusən onun mütəşəkkil növlərinə qarşı mübarizədə BƏƏ polisinin zəngin təcrübəsinin öyrənilməsində Azərbaycan tərəfinin hər zaman maraqlı olduğunu nəzərə çatdırıb.

Vaxtilə tərəflər arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin və insan alveri ilə mübarizə üzrə əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını diqqətə çatdıran R.Usubov bu görüşün birgə işbirliyinin daha da genişlənməsinə xidmət edəcəyinə əmilnliyini vurğulayıb.

Polisin fəaliyyətinin qabaqcıl dünya təcrübəsinə uyğun təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli işlərin görüldüyünü deyən daxili işlər naziri son 10 ildə 7 minə yaxın əməkdaşın və hərbi qulluqçunun bir sıra beynəlxalq təşkilatların xəttilə çoxsaylı təlim və treninqlərə cəlb edildiyini, bunun şəxsi heyətin peşəkarlığının, hazırlıq səviyyəsinin daha da yüksəldilməsinə müsbət təsir göstərdiyini qeyd edib.

Mohamed Hamel Alqubaisi səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edib, təqribən bir il yarımlıq diplomatik fəaliyyəti dövründə paytaxt da daxil olmaqla ölkəmizin bütün bölgələrində hökm sürən stabillik, əmin-amanlıq şəraitindən məmnunluq duyduğunu deyib. Məhz təhlükəsizlik və sabitlik faktorlarının, ən müasir tələblərə cavab verən yeni infrastrukturların və xidmət sahələrinin yaradılması hesabına respublikamızın əcnəbilər üçün cəlbedici dövlətə çevrildiyini, nəticədə son bir ildə Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayında 100 dəfədən də çox artımın müşahidə edildiyini vurğulayan səfir bu işdə ölkə rəhbərliyinin və hüquq-mühafizə orqanlarının danılmaz rolu olduğunu diqqətə çatdırıb, sonrakı fəaliyyəti dövründə də münasibətlərimizin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi