Qurbanqulu Berdiməhəmmədov: "Türkmənistanla Azərbaycan arasında münasibətlər ardıcıl və dinamik inkişaf edir"

Qurbanqulu Berdiməhəmmədov: "Türkmənistanla Azərbaycan arasında münasibətlər ardıcıl və dinamik inkişaf edir" "Bu gün Türkmənistan ilə Azərbaycan arasında ənənəvi dostluq, qardaşlıq münasibətlərində çox əhəmiyyətli gündür. Türkmənistan Hökuməti ilə Azərbaycan Respublikasının Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə k
Xarici siyasət
101
21 Yanvar , 2021 16:18
Qurbanqulu Berdiməhəmmədov: Türkmənistanla Azərbaycan arasında münasibətlər ardıcıl və dinamik inkişaf edir
Qurbanqulu Berdiməhəmmədov

"Bu gün Türkmənistan ilə Azərbaycan arasında ənənəvi dostluq, qardaşlıq münasibətlərində çox əhəmiyyətli gündür. Türkmənistan Hökuməti ilə Azərbaycan Respublikasının Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında qarşılıqlı Anlaşma Memorandumu imzalanır. Ölkələrimiz tərəfindən aparılmış çoxillik böyük işin nəticəsi olan bu sənəd enerji sahəsində əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, iki nəhəng enerji dövlətinin çox zəngin birgə potensialının üzə çıxarılmasına, Xəzər dənizi regionunda davamlı energetikanın, geniş qarşılıqlı faydalı və beynəlxalq tərəfdaşlığın inkişafı üçün ən əlverişli şərait yaradılmasına yönəlib".

"Report" xəbər verir ki, bunu yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə videokonfrans formatında görüş zamanı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov deyib.

"Məlum olduğu kimi, 2020-ci ilin mart ayında mənim Bakıya rəsmi səfərim zamanı Sizinlə birlikdə Xəzər dənizində energetika sahəsində ikitərəfli əməkdaşlıq imkanlarını ətraflı müzakirə və təhlil etdik. Nəticədə Xəzərdə iri karbohidrogen resursları yataqlarından birində birgə iş barədə razılaşma əldə edildi. Həm də vurğulandı ki, həmin fəaliyyətin əsas prinsipləri həmrəylik, qarşılıqlı hörmət və dəstək olacaq. Buna görə də həmin yatağı “Dostluq” adlandırmaq barədə bizim ümumi qərarımız dərin rəmzi məna daşıyır. Şübhə yoxdur ki, yuxarıda qeyd etdiyim razılaşmalar, qəbul olunmuş qərarlar bizim münasibətlərimizin, dövlətlərimizin tarixinə həqiqi mehriban qonşuluğun, məsuliyyətin və uzaqgörənliyin, hüquq bərabərliyinin və bir-birinin mənafelərini nəzərə almağın parlaq nümunəsi kimi daxil olacaq. Onlar, əlbəttə, Türkmənistan və Azərbaycan xalqları, həmçinin bizim dövlətlərimiz arasında dostluğu və qardaşlığı daha da möhkəmlədəcək.

Şübhəsiz ki, Memorandumun imzalanması Xəzərdə Türkmənistan ilə Azərbaycanın energetika sahəsində əməkdaşlığında prinsipcə yeni mərhələ deməkdir. Möhkəm beynəlxalq hüquqi bazaya əsaslanan birgə iş üçün yeni imkanlar açılır, bizim regiona sistemli və uzunmüddətli əsasda iri xarici investisiyalar axını üçün əlavə ciddi stimullar yaranır, ölkələrimizin milli iqtisadiyyatlarının inkişafına və dinamik artımına, yəni, yeni iş yerlərinin yaradılmasına, insanların həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsinə güclü təkan verilir. Fürsətdən istifadə edib iki ölkənin mütəxəssislərinə və ekspertlərinə, həmçinin məhz bu sənədin hazırlanmasına töhfə verənlərin hamısına dərin minnətdarlığımı bildirmək istəyirəm.

Hörmətli İlham Heydər oğlu, bu gün Türkmənistan ilə Azərbaycan Respublikası arasında münasibətlər ardıcıl və dinamik inkişaf edir. Biz beynəlxalq arenada ümumi sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinin tərəfdarları kimi uğurla əməkdaşlıq edirik. Bizim ölkələr qlobal gündəliyin prinsipial əhəmiyyətli mövzusu olan enerji təhlükəsizliyi, beynəlxalq enerji axınlarının konfiqurasiyası barədə təsəvvürlər və bütövlükdə dünya energetikasının arxitekturası haqqında eyni fikirdədirlər. Burada iki dövlətin beynəlxalq təşkilatlarda da fəal və səmərəli qarşılıqlı fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Türkmənistan onun beynəlxalq təşəbbüslərinin daim dəstəklənməsinə və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qətnamələrinin Türkmənistan tərəfindən irəli sürülmüş bir sıra layihələrinin həmmüəllifi kimi Azərbaycana təşəkkürünü bildirir. Öz növbəmdə mən də Türkmənistanın Azərbaycanın beynəlxalq qurumlarda irəli sürdüyü təşəbbüsləri və təklifləri dəstəkləməyə hazır olduğunu təsdiq edirəm. Bu kontekstdə Azərbaycan Respublikasının Qoşulmama Hərəkatında parlaq sədrliyini qeyd etmək istərdim. Bu, Azərbaycanın və onun rəhbərliyinin yüksək nüfuzunu təsdiq etdi. 2019-cu ilin oktyabr ayında Qoşulmama Hərəkatının uğurla keçirilmiş Zirvə görüşünün gedişində Türkmənistan ədalətli və şəffaf prinsiplərə, enerji mənbələrindən, onların çatdırılması vasitələrindən bərabərhüquqlu istifadəyə, həm istehsalçıların, həm də enerji resurslarını nəql edənlərin və istehlakçıların maraqlarının nəzərə alınmasına və tanınmasına əsaslanan qlobal enerji təhlükəsizliyi sisteminin formalaşmasında qoşulmayan dövlətlərin fəal iştirakının tərəfdarı kimi çıxış edib", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi