Qırğızıstanda TDT Ağsaqqallar Şurasının iclası keçirilir

Qırğızıstanda TDT Ağsaqqallar Şurasının iclası keçirilir Qırğız Respublikasının paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) iclası keçirilir
Xarici siyasət
8 Avqust , 2022 14:26
Qırğızıstanda TDT Ağsaqqallar Şurasının iclası keçirilir

Qırğız Respublikasının paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının iclası keçirilir.

“Report” xəbər verir ki, bu barədə “TRT Avaz” məlumat yayıb.

İclasda TDT-nin Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Azərbaycandan Həsən Həsənov, Qazaxıstandan İkram Adırbekov, Qırğızıstandan Medethan Şerimkulov, Özbəkistandan Bəxtiyor Sayfullayev, Türkmənistandan Rəcəb Bazarov və TDT-nin Baş katibi Bağdad Amreyevlə müvafiq nümayəndə heyətləri iştirak edirlər.

Açılışda çıxış edən M.Şerimkulov türk dünyasının ağsaqqallarının “ata-baba və qardaş qırğız torpaqlarına” gəlməsindən məmnunluğunu ifadə edib.

O, Ağsaqqallar Şurasının 13-cü toplantısının məhsuldar olacağına inandığını qeyd edib: “Qırğızıstan tərəfi görüşün təşkili üçün hər cür şərait yaradıb. Bu gün Prezidentimiz, Nazirlər Şurasının sədri və xarici işlər naziri ağsaqqalları qəbul edəcək. Görüşümüz xeyirli olsun, xoş gəlmisiniz”.

Fevralın 9-da İstanbulda görüşdüklərini xatırladan Binəli Yıldırım bu ilin ikinci növbəti toplantısını keçirmək üçün Qırğızıstanda toplaşdıqlarını bildirib.

O, bu il sentyabrın 29-dan oktyabrın 2-dək Bursanın İznik rayonunda IV Dünya Köçəri Oyunlarının keçiriləcəyini vurğulayıb.

Sədrliyə başladıqdan sonra Qırğızıstan, Özbəkistan və Türkmənistana səfərlər etdiyini xatırladan B.Yıldırım Baş katib B.Amreyev və komandasına dəstəklərinə görə təşəkkür edib.

Azərbaycan nümayəndəsi Həsən Həsənov təklif edib ki, Ağsaqqallar Şurasının 12-ci iclasında qəbul edilən qərara uyğun olaraq türk tarixinə nəzər salmaq məqsədilə hazırladıqları yeni konsepsiya bu gün qəbul olunacaq sənəddə öz əksini tapsın.

Qazaxıstanlı nümayəndə İkram Adırbekov da Qazaxıstanda türk tarixi və türk ədəbiyyatı dərsliklərinin təqdim olunduğunu bildirib və kitabların nüsxələrini iştirakçılarla bölüşüb.

Özbəkistandan Bəxtiyor Sayfullayev Ağsaqqallar Şurasının 14-cü iclasının gələn il ölkəsində keçirilməsini təklif edib.

Rəcəb Bazarov isə deyib ki, Türkmənistanın Ağsaqqallar Şurasının 13-cü toplantısında müşahidəçi qismində iştirakı müstəqil və neytral Türkmənistanın qonşu dövlətlər və region dövlətləri ilə əlaqələrini inkişaf etdirmək və möhkəmləndirmək məqsədi daşıyan xarici siyasi kursunun ardıcıl həyata keçirilməsinin növbəti təzahürüdür.

İclasda Dövlət Başçıları Zirvə görüşünə hazırlıq müzakirə olunacaq.

TDT-nin Baş katibi Amreyev toplantıda bu il noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək TDT Dövlət Başçıları Sammitinə hazırlıq məsələlərinin də müzakirə olunacağı barədə məlumat verib.

O qeyd edib ki, TDT Dövlət Başçıları Sammiti dünyanın və regionun su və ərzaq qıtlığı, enerji qiymətlərinin kəskin artması, qlobal istiləşmə, kütləvi miqrasiya, sosial bərabərsizlik və diskriminasiya kimi ciddi nəticələri olan təhlükə və çağırışlarla üzləşdiyi bir vaxtda keçiriləcək.

Ağsaqqallar Şurasının üzvləri Qırğızıstanda yüksək səviyyəli görüşlərdən sonra iclaslarını davam etdirəcəklər.

Son xəbərlər

Orphus sistemi