Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərov ATƏT-in “İnsan hüquqlarının və Beynəlxalq humanitar hüququn təmin olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən tədbirində iştirak edib.
İcmadan "Report"a bildirilib ki, tədbirdə çıxışı zamanı Kamal Cəfərov Qərbi Azərbaycan İcmasının gündəliyində dayanan məsələlərin məhz insan hüquqları ilə bağlı olduğunu, Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların beynəlxalq hüquqa əsasən geri qayıdış hüququna malik olduqlarını vurğulayıb.
Kamal Cəfərov azərbaycanlıların Ermənistandan bir neçə mərhələdə qovulduğunu bildirərək 1987-1991-ci illərdəki son deportasiya zamanı 300 min azərbaycanlının Ermənistan ərazisindən zorla çıxarıldığını qeyd edib. İcmanın nümayəndəsi Ermənistan tərəfindən Qərbi azərbaycanlılara qarşı beynəlxalq humanitar hüququn çoxsaylı pozuntusunun törədildiyini bildirib. O, ATƏT-i və vətəndaş cəmiyyətlərini soydaşlarımızın geri qayıdış hüququnu dəstəkləməyə çağırıb.
Qeyd edək ki, Ermənistan tərəfi bu dəfə də təxribata əl ataraq Qərbi Azərbaycan İcmasının nümayəndəsinin tədbirdə iştirakına mane olmağa cəhd göstərib. Lakin buna nail ola bilmədikləri üçün tədbiri tərk ediblər.
Qərbi Azərbaycan İcması Ermənistan tərəfinin vətəndaş cəmiyyətinin fəaliyyətini və söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayır və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu və Media Azadlığı üzrə nümayəndəsini Ermənistanın bu kimi hərəkətlərinə qiymət verməyə çağırır.