Yuxarı
    Bağlamaq

    Qazaxıstanın dini işlər və vətəndaş cəmiyyəti naziri Azərbaycana səfər edəcək

    Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov nazir ilə görüşüb

    Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Qazaxıstanın dini işlər və vətəndaş cəmiyyəti naziri Nurlan Yermekbayev ilə görüşüb.

    "Report" Azərbaycanın Qazaxıstandakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı diplomat mədəniyyətlərin oxşarlığını vurğulayıb, eləcə də həm Qazaxıstanda, həm də Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin nümayəndələrinin sülh və əminamanlıq şəraitində yaşadığını məmnuniyyətlə bildirib. Səfir bunun böyük nailiyyət olduğunu qeyd edərək, müasir dünyada tolerantlıq və multikulturalizm böhranı yaşandığını təəssüflə vurğulayıb.

    R.Məmmədov regiondakı vəziyyətə mənfi təsir göstərən Yaxın Şərq və Orta Asiyanın bəzi ölkələrindəki münaqişələri xatırladıb. O, bu şərtlər altında iki ölkənin dövlət qurumları arasında əməkdaşlığın möhkəmləndirilməsinin son dərəcə əhəmiyyətli olduğunu qeyd edib. Səfir Azərbaycanın mühüm problemi - azərbaycanlı qaçqın və məcburi köçkünlər və Ermənistanın Azərbaycanın əzəli torpaqlarının işğalını davam etdirməsi haqqında danışıb.

    İkitərəfli münasibətlər aspektində R.Məmmədov Azərbaycan və Qazaxıstan arasında dini sahədə əməkdaşlığın vacibliyini vurğulayıb. Səfir müasir dünyada İslamofobiyanın ciddi problemə çevrildiyini və Azərbaycanın öz növbəsində buna qarşı bacardığı qədər mübarizə apardığını bildirib. O, 2017-ci ildə Azərbaycanda İslam həmrəyliyi ili elan edildiyini və bununla əlaqədar ölkədə İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu xatırladıb. Səfir N.Yermekbayevi bu il Azərbaycana səfər etməyə dəvət edib.

    Öz növbəsində, nazir bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğunu və bütün sahələrdə uğurlu əməkdaşlıq olduğunu qeyd edib.

    Nazir Azərbaycanın dini sahənin tənzimlənməsi, vətəndaş cəmiyyətinin formalaşması, effektiv gənclər siyasətinin həyata keçirilməsi sahəsindəki təcrübəsini öyrənməkdə maraqlı olduqlarının bildirib.

    N.Yermekbayev Azərbaycana səfərə dəvət etdiyinə görə, R.Məmmədova təşəkkür edib və bu dəvətdən mütləq istifadə edəcəyini vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi