Qazaxıstanın Atırau şəhərində 28 May - Respublika Günü ilə əlaqədar rəsmi qəbul keçirilib

Qazaxıstanın Atırau şəhərində 28 May - Respublika Günü ilə əlaqədar rəsmi qəbul keçirilib Səfir: "Azərbaycan və Qazaxıstan qardaş ölkələrdir"
Xarici siyasət
22 May , 2017 12:43
Qazaxıstanın Atırau şəhərində 28 May - Respublika Günü ilə əlaqədar rəsmi qəbul keçirilib

Bakı. 22 may. REPORT.AZ/ Qazaxıstanın Atırau şəhərində 28 May - Azərbaycanın Respublika Günü ilə əlaqədar rəsmi qəbul keçirilib.

"Report" Azərbaycanın Qazaxıstandakı səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə Atırau Şəhər Akimatlığı, rəsmi şəxslər, yüksək rütbəli zabitlər, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhər ziyalıları, xarici ölkələrin Atırauda yerləşən şirkət və holdinqlərin rəhbərləri, jurnalistlər və diaspor fəalları iştirak edib.

Əvvəlcə Azərbaycan qədim və islam arxitekturasını özündə birləşdirən məscid və dini ibadətgahlardan bəhs edən fotosərgi keçirilib. Rəsmi qonaqlara sərgidə nümayiş olunan fotolarda məscidlərin tarixi, dini və mədəniyyət abidələri haqqında geniş məlumat verilib. Bildirilib ki, burada əks olunan bəzi məscidlər ermənilərin işğalı altında olan Azərbaycan torpaqlarında hələ də baxımsız vəziyyətdədir. İştirakçılara Azərbaycan musiqi alətlərindən ibarət kolleksiya da nümayiş etdirilib. Tədbirdə Azərbaycanda keçirilən İslam Həmrəyliyi Oyunlarından və paytaxt Bakının özəlliklərindən bəhs edən video-çarxlar ziyafət iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Azərbaycanın Aktaudakı Baş Konsulluğunun rəhbəri Elxan Zeynalov qonaqları salamlayaraq tədbirin keçirilməsi məqsədlərindən bəhs edib.

Ardından söz alan Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən danışıb. Diplomat vurğulayıb ki, 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən böyük işlər görülüb. Səfir bu il iki ölkə arasında münasibətlərin 25 illiyinə təsadüf etdiyini deyib, bütün sahələrdə əlaqələrin inkişaf perspektivlərindən danışıb. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin cari ilin aprelin əvvələrində Azərbaycana rəsmi səfərinin əlaqələrin inkişafına müsbət təsirindən danışıb. Səfir vurğulayıb ki, Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin indiki səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin mühüm xidmətləri olub və bu münasibətlər hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən uğurla davam etdirilir. O, Azərbaycan və Qazaxıstanın qardaş ölkələr olduğunu vurğulayıb.

Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışaraq, torpaqlarımızın 20 faizinin hələ də işğal altında olduğunu diqqətə çatdırıb. Rəşad Məmmədov Atırau vilayəti ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələrin inkişaf perspektivlərindən danışıb. O, hazırda Atırau vilayətində Azərbaycandan olan 42 hüquqi və fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirib. Səfirin sözlərinə görə, sahibkarlıq subyektlərindən əksəriyyəti metal emalı, tibbi xidmət, qida məhsullarının istehsalı və digər sektorlarda çalışır.

Atırau vilayəti akiminin birinci müavini Qumar Dyusembayev isə vurğulayıb ki, sonuncu 3 ayda Atırau ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 3 milyon manat təşkil edib. Qarşılıqlı iqtisadi əlaqələrin inkişafı məqsədilə yeni layihələr üzərində iş gedir. Q.Dyusembayev qeyd edib ki, tikinti, ərzaq, neft-kimya, kimya, eləcə də digər sahələrdə investisiya layihələrinin birgə işlənməsi nəzərdə tutulur.

Daha sonra rəsmi ziyafətdə Dosmuxammedov adına Atırau Dövlət Universitetinin rəhbərliyi tərəfindən tələbələrə Heydər Əliyev təqaüdünün verilməsi və digər təhsil layihələrinin keçirilməsinə dəstək verdiyi üçün Azərbaycan tərəfinə təşəkkür bildirilib. Rəsmi qəbul böyük konsert proqramı ilə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi