Yuxarı

Qaribaşvili: "Gürcüstan, Azərbaycan və Türkiyənin çox böyük potensialı var"

Biz bütün regionumuzu Qərb və Şərq arasında iqtisadi münasibətlərdə mühüm oyunçuya çevirə bilərik

Bakı. 6 mart. REPORT.AZ/ "Türkiyə ilə Azərbaycan Gürcüstan üçün əsl dost dövlətlərdir və bizim strateji tərəfdaşlarımızdır. Biz həmişə ticari-iqtisadi və dost münasibətlərimizi daha da dərinləşdirməyə hazır olduğumuzu bildiririk". "Report" "Novosti-Qruziya"ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili Gürcüstan, Azərbaycan və Türkiyə nümayəndələrinin iştirakı ilə Batumidə keçirilən biznes-forumunun açılışında bildirib.

O qeyd edib ki, hazırkı forum bu formatda keçirilən IV toplantıdır. Hökumət başçısı forum çərçivəsində baş tutan danışıqların ölkələr arasında ticari-iqtisadi münasibətləri dərinləşdirməyə imkan verəcəyinə əminliyini bildirib. 

"Bizim iş adamlarımız bir-birilə daha sıx əməkdaşlıq etmək imkanı əldə edəcəklər. Bir qayda olaraq belə format məsələlərin daha effektiv və vaxtında həllinə yardım edir. Gürcüstan, Azərbaycan və Türkiyənin çox böyük potensialı var və biz bütün regionumuzu Qərb və Şərq arasında iqtisadi münasibətlərdə mühüm oyunçuya çevirə bilərik", - Qaribaşvili vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi