Gürcüstanın hakim partiyasının deputatları Qarabağ separatçısına büstün qoyulmasını qınayıblar

Gürcüstanın hakim partiyasının deputatları Qarabağ separatçısına büstün qoyulmasını qınayıblar Tbilisi. 8 fevral. REPORT.AZ/ Gürcüstan parlamentinin deputatları Qarabağ separatçısı Mixail Avaqyana Axalkalaki rayonunun Buqaşen kəndində büstün qoyulması ilə bağlı müraciət qəbul ediblər.
Xarici siyasət
8 Fevral , 2019 20:19
Gürcüstanın hakim partiyasının deputatları Qarabağ separatçısına büstün qoyulmasını qınayıblar

Tbilisi. 8 fevral. REPORT.AZ/ Gürcüstan parlamentinin deputatları Qarabağ separatçısı Mixail Avaqyana Axalkalaki rayonunun Buqaşen kəndində büstün qoyulması ilə bağlı müraciət qəbul ediblər.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, məktubu hakim Gürcü Arzusu Partiyasının deputatları Mahir Dərziyev, Savalan Mirzəyev, Ruslan HacıyevTamaz Naveriani imzalayıblar.

Müraciətdə deyilir ki, Mixail Avaqyana abidənin ucaldılması Gürcüstan ictimaiyyəti, eləcə də bu ölkənin Azərbaycan icması tərəfindən haqlı olaraq dərin qınaq və narazılıqla qarşılanıb: “Gürcüstan separatçılıq, terrordan ən çox əziyyət çəkən ölkələrdən biridir. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində vuruşmuş, dinc əhaliyə qarşı qətliamlarda iştirakına dair əsaslı şübhələr olan separatçıya, terrorçuya abidə qoyulması, ilk növbədə, Gürcüstanın özünə qarşı bir xəyanətdir. Bu həm də Gürcüstanın milli və dövlət maraqlarına zidd olan bir addımdır”.

Millət vəkilləri qeyd ediblər ki, həmin büstün Azərbaycan xalqının hüzn günü - 20 Yanvar faciəsinin ildönümünün qeyd olunduğu bir gündə qoyulması ilə bağlı soydaşlarımızın keçirdiyi hissləri onlar da bölüşürlər: “Tam məsuliyyətlə bildirmək istəyirik ki, bu hadisə Gürcüstan dövlətinin və bizim təmsil olunduğumuz Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının mövqeyi ilə tam ziddir. 1994-cü ildə qoyulmuş abidənin bərpası və açılış mərasimi ilə bağlı bütün məsuliyyət Axalkalaki yerli özünüidarəetmə orqanının üzərinə düşür”.

Müraciətdə həmçinin vurğulanıb ki, parlament, hökumət və partiya səviyyəsində keçirilmiş müzakirələrdə bu xoşagəlməz hadisədən narahatlıq ifadə olunub, gələcəkdə bu cür hadisələrin təkrar olunmaması üçün bu gün lazımi tədbirlərin görülməsi qərara alınıb.

Sənəddə Azərbaycanla münasibətlərin, strateji tərəfdaşlığın önəmi vurğulanıb və bu münasibətləri zədələyəcək hər hansı bir addımın yolverilməz olduğu bildirilib: “Bu yekdil rəy parlament və partiya rəhbərliyinin, millət vəkillərinin KİV-lərə verdikləri açıqlamalarında da birmənalı olaraq qeyd edilib. Ayrı-ayrı məmurların fərdi məsuliyyəti, onların əməllərinə hüquqi qiymət verilməsi məsələsi gündəmdədir”.

Deputatlar yaranmış şəraitdə Gürcüstanda yaşayan azərbaycanlıları səbir və təmkinlə davranmağa, emosiyalara qapılmamağa çağırıblar: “Bu məsələ ətrafında ajiotaj, məsələnin siyasi müstəviyə çəkilməsi bəlli daxili və xarici qüvvələrin mənafelərinə xidmət edir. Unutmayaq ki, cəmiyyətdə qarşıdurma, gərginlik yaradılması, xüsusilə ölkəmizdə millətlər arasındakı mövcud dostluq və qarşılıqlı etimad münasibətlərinə ziyan vurulması Gürcüstana qarşı yönəldilmiş bir təxribat olar”.

Son xəbərlər

Orphus sistemi