ABŞ-la əlaqələrimizin inkişafı bizim beynəlxalq aləmdəki imicimizi artırmaqla yanaşı, həm də Cənubi Qafqazda sülh prosesinin reallaşmasına xidmət edir.
Bunu “Report”a açıqlamasında professor, siyasi elmlər doktoru Sabir Məmmədli deyib.
“ABŞ-ın Azərbaycana diqqətinin artması təsadüfi deyil. Bunun bir neçə səbəbi var. Rusiya ilə Ukrayna arasında davam edən müharibənin fonunda Avropada kifayət qədər gərgin durum yaranıb. Bu, xüsusilə təbii qaz ehtiyatları ilə bağlı yaranan çətinlikdə özünü göstərir. Odur ki, ABŞ və Avropa ölkələri Azərbaycanın onlara təbii qaz təchizatında kömək etməsini istəyir. Bir sıra dövlətlər bunun üçün bizə artıq müraciət ediblər. Rəsmi Vaşinqton da bu prosesə dəstəyini göstərir. Eyni zamanda savaşda Azərbaycan həm dövlət, həm də cəmiyyət səviyyəsində Ukraynaya lazımi dəstəyi verir. Əlbəttə, bu da ABŞ-ın diqqətindən kənarda qalmır. Belə bir vaxtda Novruz bayramı ABŞ Prezidenti Cozef Baydenin dövlət başçımıza təşəkkür etməsinə, məktub yazmasına fürsət oldu”.
S. Məmmədlinin fikrincə, əlaqələrin yeni mərhələsi rəsmi Bakı üçün dividentlər vəd edir: “Sözsüz ki, bu təmaslar, o cümlədən məktub mübadilələri bizim regionla bağlı problemlərimizin ABŞ-ın diqqətinə çatdırılması üçün yaxşı şansdır. ABŞ Ermənistana ciddi təsir imkanına malikdir. Ermənistanda təxminən 2500 ABŞ diplomatik nümayəndəsi var. Onlar vaxtı ilə Paşinyan inqilabına dəstək vermiş, sonra isə ictimi rəyə təsir etməyə başlamışdılar. Bu mənada İrəvanı sülh masası arxasına oturtmaq baxımından Vaşinqtonun ciddi təsir gücü var. Bildiyiniz kimi, Azərbaycan son günlər yekun sülh müqaviləsi ilə qarşı tərəfə müraciət edib. Deməli, ABŞ-la əlaqələr yerinə düşür. Şuşada BMT-nin iştirakı ilə keçirilmiş tədbir də xüsusi əhəmiyyətli idi. Çünki Vaşinqton həmin quruma kifayət qədər təsir imkanına malikdir. Bu mənada əlaqələrimizi inkişafı bizim beynəlxalq aləmdəki imicimizi artırmaqla yanaşı, həm də Cənubi Qafqazda sülh prosesinin reallaşmasına xidmət edir”.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət başçısı Cozef Baydenə məktub ünvanlayıb. Məktubda ABŞ-ın Azərbaycanın sülh gündəliyini dəstəkləyəcəyinə ümid ifadə olunub. Həmçinin ABŞ-ın postmünaqişə dövründə Qarabağdakı bərpa və yenidənqurma işlərində iştirak edəcəyindən məmnunluq qeyd olunub.
Xatırladaq ki, bir neçə gün əvvəl Novruz bayramı münasibətilə Bayden ölkə rəhbərimizə məktub göndərmişdi.